Kimlər Türkiyəni müharibəyə sürükləmək istəyir?


21:28     20 Mart 2016 cebrayil.jpg

Türkiyədə cərəyan edən son proseslərə, terror hadisələrinə kompleks şəkildə yanaşmaq daha düzgün olardı. Bu sistematik yanaşma da üç əsas istiqamət üzərindən izah edilə bilər. Ümumiyyətlə, Türkiyədəki son terror hadisələrinə üç əsas müstəvidə yanaşmaq mümkündür: Birincisi, qlobal müstəvidə yanaşmaq yəni baş verən son prosesləri qlobal müstəvidə nəzərdən keçirmək. İkincisi, hadisələrə regional konseptdə baxmaq. Üçüncüsü isə Türkiyənin özünün aktor olduğu konteksdə son prosesləri nəzərdən keçirmək.

Qlobal konteksdə dövrümüzü terrorizmin qızıl dövrü adlandırmaq olar. Həm miqyas baxımından, həm coğrafiya baxımından, həm mahiyyət baxımından, həm də acı nəticələrə gətirib çıxardığına görə bu qənaətə gəlmək mümkündür.
Təbii ki, butün bu proseslərin fonunda meydana çıxan əsas sual ondan ibarətdir ki, Türkiyəni hansı daxili və xarici güclər müharibəyə sürükləyir. Bu məsələ ilə bağlı müxtəlif versiyalar mövcuddur. Son silsilə terror hadisələri Türkiyəni çıxılmaz bir yola salıb. Terrorun ortaya çıxma səbəbləri sosial, siyasi, etnik, məzhəb problemləridir. Təbii ki, bu problemlərin də həll olunmaması terrora münbit şərait yaradır.

Baş verənlərə regiondan kənardakı maraqlı qüvvələrin də təsiri var. Aydın məsələdir ki, bu hadisələrin arxasındaı güc Türkiyənin güclənməsini istəməyən qüvvələrdir. Regiondakı müsəlman ölkələrinin zəifləməsi fonunda Türkiyənin daha da güclənməsi və bölgə liderinə çevrilməsi danılmaz faktdır. Ona görə də əvvəlcə Türkiyəni Suriya torpaqlarında müharibəyə sürükləməklə zəiflətməyə çalışdılar. Hətta bunun üçün Türkiyədəki kürd millətçilərindən də istifadə olundu. Kobanidəki kürdləri bəhanə edərək İstanbulda, Diyarbəkir və digər bölgələrdə iğtişaşlar başladı. Əsas tələb isə Türkiyənin kobanidəki kürdlərin xilas edilməsi üçün Suriyaya qoşun yeritməsi tələbi idi. Buna nail ola bilmədikdə terror aktlarına əl atıldı. Kürdlərin kompakt yaşadıqları bölgələrdə dövlət və hökumət strukturlarına qarşı barikadalar quruldu. Diyarbəkirdə, Suriyada kütləvi köç başladı. Bölgə demək olar ki, müharibə meydanına çevrildi. Daha sonra isə əsas diqqət Türkiyənin paytaxtı olan, mərkəzi meydan və küçələrə, dövlət və hökumət strukturlarının yerləşdiyi əraziyə yönəldi.

Əslində terror aktlarının İstanbul kimi meqapolisdə, paytaxt Ankarada baş verməsi Türkiyəyə verilən ciddi bir mesajdır: “Səni ürəyindən vura bilərik”.

Cəbrayıl Fərzəliyev

Açar sözlər:

Oxunub: 1401