Raquf Orucovun anası da şəhid olub


16:01     15 Aprel 2016 raquf_MG_26915.JPG

Təmas xəttində ermənilərin təxribatlarının qarşısını alan zaman şəhid olan polkovnik-leytenant Raquf Orucovun anası və dayısı da düşmən gülləsinə tuş gəlibmiş.


Femida.az xəbər verir ki, SSRİ-nin son illərində ermənilərin Dağlıq Qarbağa qarşı iddiaları artdığı və sərhədyanı bölgələri atəşə tutduğu bir vaxtda Rusiya Ordusunda yenicə hərbi xidmətə gedən Raquf Orucov hərbi hissəni tərk edərək vətənə dönür və Ağdamdakı hərbi hissələrin birində xidmət etməyə başlayır.

Həmin illərdə ermənilərin fəaliyyətləri daha da genişlənməyə başlayır. Növbəti həmlələrin birində düşmən tərəfin atdığı güllədən Raquf Orucovun dayısı Azər Rəhimov, 1993-cü ilin iyunun 12-də isə anası Raya Rəhimova düşmən gülləsinə tuş gələrək şəhid olur. Lakin düşmən Ağdamın Cinli kəndini də işğal ediyindən Raquf Orucovun anası öz kəndlərində dəfn edilə bilmir. Ona görə də yaxınlıqdakı Çullu kəndində dəfn edilir.

Qeyd edək ki, polkovnik-leytenant Raquf Orucov 1972-ci ildə Ağdamın Cinli kəndində anadan olub. Ağdam rayonu ermənilər tərəfindən işğal olunduqdan sonra Raquf Orucovun ailəsi Sumqayıt şəhərindəki yataqxanalardan birində məskunlaşır. Raquf Orucov həmin ili sənədlərini Bakı Ali Hərbi Ümumqoşun Komandirləri Məktəbinə verərək, 2 il ərzində lazımi hərbi biliklərə yiyələnir.

1995-ci ildə hərbi məktəbi uğurla başa vurandan sonra, Raquf Orucov Bakıdakı hərbi hissələrdən birinə təyin edilir, amma gənc zabit ön cəbhədə olmağa üstünlük verir. 1996-cı ildə təyinatını düşmənlə üz-üzə dayanan Murova alaraq, kəşfiyyat bölüyünün komandiri kimi fəaliyyətə başlayır. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 6 illi tamam olanda mükafatlananlar sırasında Raquf Orucovun adı da olur.

1997-ci ildə kəşfiyyat bölüyünün komandiri olan gənc zabit Raquf Orucov dövlət tərəfindən verilən hərbi tapşırığı çox böyük peşəkarlıqla yerinə yetirir. Kəlbəcərə gedib oradan yüksək çinli iki erməni zabiti gətirməyə nail olur.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 24 iyun 1998-ci il tarixli fərmanı ilə Raquf Orucov “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunur.

2000-ci ildən sonra Ağstafa, Tovuz, Beyləqan, Füzuli istiqamətlərində yerləşən hərbi hissələrdə komandanlıq da Raquf Orucova tapşırılır. 2011-ci ildə arzusunda olduğu Ağdamdakı N saylı hərbi hissəyə qərargah rəisi təyin olunur.

Raquf Orucov 2016-cı il aprelin 4-də qoşunların təmas xəttində ermənilərin təxribatının qarşısını alarkən şəhid olub və Sumqayıt şəhərindəki Şəhidlər Xiyabanında dəfn edilib

Femida.az

Açar sözlər:

Oxunub: 6039