Doha sammiti niyə nəticəsiz yekunlaşdı? - ŞƏRH


15:54     19 Aprel 2016 OIL%20PRICE.jpg


İqtisadçı-ekspert Vüqar Bayramlı Doha Sammitinin nəticələri və neftin qiymətinin gələcək proqnozu ilə bağlı məsələlələrə münasibət bildirib.

Ekspertin sözlərinə görə, Səudiyyə Ərəbistanı neftin hasilatının dondurulması məsələsinə maraq göstərmədi:

“Doha Sammiti gözlənildiyi kimi uğursuz nəticələndi. Əslində bir neçə gün öncədən sammitin uğursuz yekunlaşacağı bəlli idi. Sammitdə müzakirə edilən məsələ neftin hasilatının 2016-cı ilin yanvar ayı həddinə qədər dondurulması idi. Sammit çərçivəsində tərəflər hasilatın dondurulmasında maraqlı olduqlarını nümayiş etdirsələr də, hasilat dondurulmadı. Neftin hasilatının dondurulması bazara mesaj verilməsi baxımından çox vacib idi. Bununla ölkələr neft hasilatını artırmayacaqdılar. Lakin indiki məqamda neftin hasilatında limit yoxdur. Yəni ölkələr istədikləri həcmdə neft hasil edib dünya bazarına çıxara bilirlər. Rusiya neft hasilatının dondurulmasında ən maraqlı ölkə idi. Çünki belə bir razılaşma bazarda qiymətin stabilləşməsinə şərait yaradacaqdı. Amma bu baş vermədi. Çünki Səudiyyə Ərəbistanı belə bir razılaşmanın əldə olunmasında maraqlı olmadı. Səudiyyə Ərəbistanı İranın da bu anlaşmanı imzalamasını istəyirdi. İran isə razılaşmaya imza atmadı. Əslində İranın arqumenti başa düşüləndir. Çünki İranın neft hasilatını artırmaq imkanları var. İran neft istehsalını artırıb sonradan dondurmaq istəyir. Qatar, BƏƏ kimi dövlətlər də Səudiyyə Ərəbistanının atdığı addımlara uyğun hərəkət etdilər. Nəticədə anlaşma imzalanmadı. Bu, onu göstərdi ki, neft ixrac edən ölkələr arasında anlaşmanın imzalanması çox çətinləşib. Bunun da bir sıra obyektiv səbəbləri var. Belə ki, Səudiyyə Ərəbistanında neftin maya dəyəri çox aşağıdır.(təqribən 5 dollar) Eyni zamanda bu ölkənin istehsal etdiyi neft çox keyfiyyətlidir. İndiki 40 dollarlıq hədd belə Səudiyyə Ərəbistanının maraqlarına uyğundur. Səudiyyə Ərəbistanı hətta neft hasilatını genişləndirmək imkanına da sahibdir. Çünki bu ölkə dünyada ən çox neft ehtiyatına sahib ölkədir.



Vüqar Bayramlı neftin gələcək qiyməti ilə bağlı proqnoz da verdi:

“Sammitdən dərhal sonra qiymət müəyyən qədər azaldı. İndi isə müəyyən stabilləşmə müşahidə olunur. Hazırda “Brent” markalı neftin bazardakı tarazlığı 40 dollardır. Təbii ki, bu qiymət müəyyən siyasi səbəblərə görə azala, və yaxud da müxtəlif inzibati yollarla arta bilər. Neftin qiymətinin növbəti aylarda artacağı gözlənilir. Amma nəzərə almaq lazımdır ki, hazırkı məqamda təklif tələbi üstələyir. Buna görə də neftin qiymətində kəskin artımın olacağı gözlənilmir. Növbəti dövrlərdə neftin qiyməti 40 dollar ətrafında dəyişəcək. OPEK və Beynəlxalq Enerji Akademiyasının proqnpzu ondan ibarətdir ki, 2016-cı ildə “Brent” markalı nefti barelinin qiyməti ortas hesabla 45 dollar olacaq”.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 1640