XİN-dən Sərkisyanın Qarabağ səfərinə reaksiya


19:22     19 Aprel 2016 sarkisyan57.jpg

Ermənistan rəhbərliyinin bu günlərdə işğal olunmuş Azərbaycan ərazilərinə səfəri və orada hərbi müşavirə keçirməsi ağır olan vəziyyətin daha da gərginləşməsinə xidmət edən növbəti təxribatçı addımdır.


Femida.az xəbər verir ki, bunu Ermənistan Prezidenti Serj Sərkisyanın işğal olunmuş Azərbaycan ərazilərinə səfəri məsələsini şərh edən Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

XİN rəsmisinin sözlərinə görə, Ermənistan rəhbərliyi bu kimi təhrikçi əməlləri ilə beynəlxalq hüququn norma və prinsiplərinə və BMT Nizamnaməsinə zidd olaraq işğal olunmuş Azərbaycan ərazilərinin ilhaqı siyasəti yürütdüyünü bir daha sübut edir: "Bu bir daha onu göstərir ki, 2 aprel tarixindən başlayaraq qoşunların təmas xəttində yaranmış gərginliyin və atəşkəs rejiminin intensiv şəkildə pozulmasının arxasında məhz rəsmi İrəvan dayanır:

“Beynəlxalq ictimaiyyətin münaqişənin həlli üzrə hərtərəfli siyasi proseslərə başlamaq barədə israrlı çağırışlarına məhəl qoymayaraq, Ermənistan rəhbərliyinin təcavüzkar siyasətini davam etdirməsi, işğal olunmuş Azərbaycan ərazilərindən öz qoşunlarını çıxarmaması və atəşkəsin pozulması və gərginliyin artmasına yönəlmiş addımları regional sülh və sabitlik üçün ciddi təhlükədir.

Bir daha bildiririk ki, cəbhədə vəziyyətin gərginləşməsinə görə məsuliyyət işğalçı dövlət kimi tam şəkildə Ermənistanın üzərinə düşür”.

Açar sözlər:

Oxunub: 1032