Müharibə başlayır? – ŞƏRH


15:09     26 Aprel 2016 0ef95987526970d668cbb7995fe36b10_XL.jpg

Analitik: “Ermənistan itirilmiş yüksəklikləri ələ keçirmək istəyir”.


Aprelin 26-sı saat 01.05-dən başlayaraq saat 04.25-dək erməni silahlı bölmələri tərəfindən Tərtər şəhəri və rayonun ərazisi, eləcə də Qapanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan, həmçinin 122 millimetrlik D-30 haubitsalarından və DM-21 yayılım atəşli reaktiv sistemlərdən atəşə tutulub.

Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq düşmənin ancaq hərbi obyektlərinə adekvat cavab zərbələri endirib.

Müdafiə Nazirliyi bəyan edib ki, bundan sonra cəbhə xəttində baş verəcək hər hansı hadisəyə görə məsuliyyəti Ermənistanın hərbi-siyasi kriminal rəhbərliyi daşıyacaq.

Onu da qeyd etmək lazımdır ki, hazırda Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu keçirilir. Ayın 27-də başa çatacaq foruma BMT-yə üzv ölkələrin dövlət və hökumət başçıları, siyasi liderlər, tərəfdaş qurumlar, beynəlxalq və regional təşkilatların nümayəndələri, özəl sektor, incəsənət, media və akademiyaların təmsilçiləri, donor təşkilatlar və fondlar daxil olmaqla ümumilikdə 2000-ə yaxın qonağın qatılacağı gözlənilir.

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan da forumda iştirak etmək üçün Azərbaycana səfərə gəlib. İlham Əliyevlə Ərdoğan arasında ötən gün Bakıda keçirilən görüşdə Dağlıq Qarabağ münaqişəsi, cəbhədəki son hadisələr müzakirə edilib.

`Atlaa` Araşdırmalar Mərkəzinin rəhbəri, analitik Elxan Şahinoğlu bildirdi ki, Ermənistan prezidenti Serj Sərkisyan itirdiyi yüksəklikləri geri qaytarmaq haqqında düşünür:

“Cəbhə bölgəsində vəziyyətin yenidən gərginləşməsinin iki səbəbi var. Birinci səbəbi odur ki, 2-6 aprel döyüşlərindən sonra beynəlxalq aləm danışıqları intensivləşdirməyib, rusiyalı rəsmilər isə şablon ifadə və səfərlərdən uzağa getməyiblər. Belə olan halda kimcə cəbhə bölgəsində sakitlik gözləməsin. İkinci səbəb isə odur ki, Ermənistan prezidenti Serj Sarkisyan itirdiyi yüksəklikləri geri qaytarmaq haqqında düşünür, çünki o hələ cəmiyyətinə “Ermənistan həmin yüksəklikləri niyə itirdi” sualına cavab verməyib, ona görə də bu sual aktuallaşmamış nəsə cəbhədə uğur qazanmaq haqqında alışıb-yanır. Əslində hər iki səbəb bizim xeyrimizə işləyir. İşğalçının təxribatlarına yeni ərazilərin ələ keçirilməsi ilə cavab vermək imkanı qazanırıq. Ermənilərin dünən atəşkəsi kobud şəkildə pozması təxribat da ola bilər. Çünki hazırda ölkəmizdə beynəlxalq səviyyəli mühüm toplantı keçirilir. Dünyanın nüfuzlu dövlət rəsmiləri tədbirdə iştirak etmək üçün Bakıya gəlib. Ermənilər isə törətdikləri təxribatla çox güman ki, tədbirə mane olmaq istəyirlər. Düşünürəm ki, iyun ayında Bakıda keçiriləcək “Formula 1” yarışlarında da düşmən belə təxribatlara əl atacaq. Mənim proqnozum ondan ibarətdir ki, əgər yaxın bir-iki aya danışıqlar müsbət sonluqla yekunlaşmasa, aprel döyüşlərinin təkrarlanması ehtimalı artacaq. Bu daha genişmiqyaslı toqquşmalara gətirib çıxara bilər”.



Qarabağda Rus-Türk qarşıdurması ehtimalına gəldikdə isə analitik bildirdi ki, belə bir halın baş verməsi Rusiyanı qane edə bilməz:

“Əlbəttə ki, Rusiya özünün xüsusi dəstələrini Qarabağa göndərsə, Rus-Türk qarşıdurması yarana bilər. Bu ehtimalın baş tutması isə Rusiyanın maraqlarına cavab vermir. Çünki bu halda müharibənin genişlənməsi və Şimali Qafqaza yayılması ehtimalı artır. Buna görə də Rusiya Qarabağda Türkiyə ilə döyüşməkdə maraqlı deyil”.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 11645