Ələt-Astara magistralında ağır qəza - Fotolar


16:16     17 May 2016 qeza0001.jpg

Lənkəranda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Saat 6:00 radələrində Ələt-Astara magistralının rayonun Liman şəhəri ərazisindən keçən hissəsində ağır yol qəzası baş verib. Lənkəran rayon sakini Nail İbrahimovun idarə etdiyi “Kamaz” markalı yük maşını ilə Ələt istiqamətində hərəkətdə olarkən Astara istiqamətində hərəkət edən şəhər sakini Vaqif Şahverdiyevin idarə etdiyi “Mercedes” markalı minik avtomobili ilə toqquşub.

Güclü zərbədən “Mercedes” deformasiyaya uğrayıb. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin xilasediciləri və təcili yardım briqadası cəlb olunub.

Xilasedicilər xüsusi alət və avadanlıqların köməyi ilə minik avtomobilində sıxılıb qalmış sürücünü və onun yanındakı sərnişini, Lənkəran sakini 79 yaşlı Qılman Əliyevi çıxararaq Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Xəsarət alan hər iki şəxs travmatologiya şöbəsində müalicə alır. Qılman Əliyevin vəziyyəti orta ağır olaraq qalır.

İlkin versiya kimi “Kamaz”ın “Mercedes”in hərəkət yoluna çıxması və qəza şəraiti yaratması göstərilir. Hadisənin baş verməsinin dəqiq səbəblərini Baş Dövlət Yol Polisinin apardığı araşdırmalar ortaya çıxaracaq.




Açar sözlər:

Oxunub: 885