Məmmədov Qazaxıstanda diplomatlara mühazirə oxudu


03:25     02 İyun 2016 memmedov2.jpg

Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Ramin Məmmədov Qazaxıstanın paytaxtı Astanada gənc diplomatlara diaspor mövzusunda mühazirə oxuyub. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv ölkələrin gənc diplomatları üçün təşkil edilən seminarda R.Məmmədov dövlətlərarası münasibətlərdə diasporun rolu və onun əhəmiyyəti barədə danışıb.


Femida.az xəbər verir ki, Komitə sədrinin müavini, həmçinin seminar iştirakçılarını Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti haqqında məlumatlandırıb, gənclərin diaspor sahəsindəki yeri və əhəmiyyətini, Türk Şurasının bu istiqamətdə gördüyü işləri xüsusi vurğulayıb. İnteraktiv ortamda keçən dərsdə R.Məmmədov gənc diplomatların suallarını cavablandırıb, geniş müzakirələr aparılıb.

Türk Akademiyasının aparıcı eksperti, TDƏŞ-in Ağsaqqallar Şurasının Qazaxıstan təmsilçisi Adil Axmetov da seminar iştirakçılarına mühazirə oxuyub.

Türk Şurası Gənc Diplomatların 3-cü Ortaq Təhsil Proqramı Qazaxıstan Xarici İşlər Nazirliyi və Nazarbayev Universitetinin dəstəyi ilə keçirilir. Türkdilli ölkələrin gənc diplomatları üçün önəmli bir foruma çevrilən təhsil proqramında xarici siyasət, diplomatiya, cəmiyyət, iqtisadiyyat, tarix və ədəbiyyat kimi mövzuları əhatə edən dərslər keçirilir.

Proqramın sonunda gənc diplomatlara sertifikatlar verilib. Sertifikatları Türk Şurasının sədri Ramil Həsənov iştirakçılara təqdim edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1131