Tələbələrə nə qədər kredit veriləcək?


17:34     06 İyun 2016 1419489204_kredit.jpg

“Tələbələr üçün bir illik kredit maksimum 4 min manat, 4 il üçün isə 20 min manat nəzərdə tutulur”.


Femida.az xəbər verir ki, bu sözləri Maarifçi Tələbə Kredit Fondunun icraçı direktoru Rüfət Mahmud deyib. O qeyd edib ki, tələbələrə təhsil kreditləri bu ildən veriləcək.

“Bu gündən iyunun 15-ə qədər Fondun yaradılmasında iştirak edən dövlət ali təhsil müəssisələri–Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Gəncə Dövlət Universiteti və Sumqayıt Dövlət Universitetinin tələbələri müraciət edə bilərlər. 10 gün müddətində onların təhsil haqlarını ödəmək üçün krediti almaq şansları var”.

İcraçı direktor bildirib ki, sağlamlığı məhdud olan insanlar, ailə başçısını itirən ailələrin uşaqlarına güzəştli paket 6 faiz kreditin verilməsi tətbiq olunacaq. O qeyd edib ki, kredit verilməsi üçün tələbədən girov və ya zəmanət tələb edilmir.

“Fond stimul yaradır ki, tələbə yaxşı oxusun və göstəriciləri də yaxşı olsun. Tələbə özü iş yeri axtarmalı və bir ildən sonra krediti qaytarılmalıdır. Həm də tələbə üçün sonradan da krediti qaytarmaq üçün problemi yarana da bilməz. Əgər tələbə krediti verməməkdə israr edərsə, o zaman Fondun həmin şəxsi məhkəməyə vermək səlahyyıti var. İnanırıq ki, belə hallar olmayacaq”.

Təhsil Nazirliyinin Ali orta ixtisas təhsili şöbəsinin sektor müdiri Sülhəddin Gözəlov qeyd edib ki, ödənişli əsaslarla qəbul olan tələbələr ilk kursun təhsil haqqını əvvəlcədən ödəyirlər.

“Ödənişli əsaslarla qəbul olanlar birinci kursun təhsil haqqını ödədikdən sonra qeydiyyata alınırlar. Ona görə də tələbə kreditləri 2-ci kursdan və hər bir tələbənin akademik göstəricilərinə uyğun olaraq veriləcək. Buna görə də tələbənin ümumi müvəfəqiyyət göstəricisi 71 baldan yuxarı olmalıdır”.

Sektor müdirinin sözlərinə görə, bu il üçün kreditlər bakalavriat səviyyəsi üçün nəzərdə tutulub: “Bu il kreditlər magistr və doktorantları əhatə etməyəcək. Amma bu o demək deyil ki, gələcəkdə onlar üçün kredit verilməyəcək. Gələcəkdə fond tərəfindən onlar üçün də şərait yaradılacaq”.

Femida.az

Açar sözlər:

Oxunub: 1054