Merkelin Qarabağ planı - ŞƏRH


16:20     09 İyun 2016 569368b1c46188db078b45ac.jpg

Xəbər verdiyimiz kimi, iyunun 7-də Berlində prezident İlham Əliyevlə Almaniya kansleri Angela Merkelin görüşü olub. Görüş zaman Merkelin Dağlıq Qarabağla bağlı səsləndirdiyi fikirlər geniş müzakirə predmetinə çevrilib.


"Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində əsas rolu oynayacaq", - deyən Kansler bir növ məsuliyyəti öz üzərindən atmış olur. ATƏT-ə sədrlik edən və Minsk Qrupunun 11 üzvündən biri olan Almaniyanın bu cür mövqe sərgiləməsi müəyyən sualların yaranmasına gətirib çıxarır.

Bəs, Merkelin bu çıxışının arxasında hansı məqsəd dayanır?

Millət vəkili Elman Nəsirov hesab edir ki, Almaniya kansleri Angela Merkelin səsləndirdiyi həmin fikir bir neçə istiqamətdən təhlil olunmalıdır:

“Həmişəki kimi, Prezident İlham Əliyevin Almaniyaya səfəri çərçivəsində əsas diqqət mərkəzində saxlanılan məsələ Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı idi. Nəzərə alsaq ki, Almaniya hazırda ATƏT-ə sədrlik edir, eyni zamanda bu ölkə ATƏT-in Minsk Qrupunun 11 üzvündən biridir. Belə olan halda heç şübhəsiz, Almaniya ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi xüsusi əhəmiyyət kəsb edir. Hələ bir il öncə Prezident İlham Əliyevin Almaniyaya səfəri zamanı Angela Merkel münaqişənin həlli prosesində Rusiya və Ermənistanı ittiham edən mövqe səsləndirmişdi.

İndiki səfər çərçivəsində isə Merkel bir neçə diqqəti cəlb edən mesajlar səsləndirdi. Birinci onu söylədi ki, münaqişənin həlli prosesində həlledici dövlət Rusiyadır. Merkel daha sonra bildirdi ki, ATƏT-in Minsk Qrupu həmsədrləri ilə yanaşı Almaniya da bu proseslərə qatıla bilər. Merkel həmçinin qeyd etdi ki, münaqişənin həlli prosesində Almaniya həmsədr dövlətlərə əlindən gələn yardımı edəcək. Təbii ki, bu tezislər içərisində diqqəti ən çox cəlb edəni Rusiyanın həlledici dövlət olması ilə bağlı səslənən fikirdir.



Bu tezisi belə şərh etmək olar ki, Angela Merkel birincisi, ona işarə edir ki, münaqişə tərəflərindən birinə, yəni Ermənistana ən güclü təsir edə biləcək dövlət Rusiyadır. Yəni Ermənistanın münaqişənin həlli ilə bağlı pozitiv mövqeyə gəlməsi yalnız Rusiyanın təsiri ilə mümkündür. İkincisi, Angela Merkel Rusiyanın həlledici dövlət olduğunu qəbul edir. Yəni Merkel Almaniyanın Rusiya qədər həlledici dövlət olmadığını bildirmək istəyir. Deməli, Rusiya həlledici dövlətdirsə, digərləri həlledici dövlət statusuna sahib deyil. Diplomatik dildən adi dilə çevrildikdə Merkelin söylədiyi fikir bu anlama gəlir.

Bu bəyanatda başqa anlam da var. Əgər həlledici tərəf Rusiyadırsa və münaqişə hələ də həllini tapmayıbsa, deməli, ən böyük məsuliyyət Rusiyanın üzərinə düşür. Bütün bunlar hamısı münaqişənin həllinin nə qədər mürəkkəb olduğuna bir işarədir”.

Elman Nəsirov prezidentlərin iyun ayında keçiriləcək görüşünə də toxundu. Politoloqun fikrincə, bu ay münaqişənin həlli ilə bağlı ciddi irəliləyişlərin şahidi ola bilərik:

“İyun ayında prezidentlərin görüşü gözlənilir. Hesab edirəm ki, bu görüşün əvvəlki görüşlərdən ciddi fərqi olmalıdır. Çünki aprel döyüşləri münaqişənin həllinə tamamilə yeni məzmun verdi. Azərbaycan sübut etdi ki, münaqişəni dondurulmuş hesab edənlər kökündən yanılırlar. Belə olan halda son vaxtlar qərb dövlətləri də münaqişəni həllinə kökləniblər. Merkelin Rusiyanı həlledici dövlət hesab etməsi o anlama gəlməməlidir ki, Avropa münaqişənin həllində maraqlı deyil. Merkel bir növ Dağlıq Qarabağla bağlı bütün məsuliyyəti Rusiyanın üzərinə atdı. İyun ayında münaqişənin həlli ilə bağlı çox ciddi proseslərin gedəcəyinin şahidi ola bilərik”.

Bəs hansı sənədlər danışıqlar masasına gələcək?

Politoloqun fikrincə, yenilənmiş Madrid prinsiplərində bəzi aydınlaşdırılmamış və ziddiyyətli məqamlar var.




“Yenilənmiş Madrid prinsiplərinin bəzi əlavə və təkliflərlə yenidən danışıqlar masasına gətiriləcəyi gözlənilir. Bu haqda hələlik məlumat yoxdur. Sadəcə olaraq, yenilənmiş Madrid prinsipləri bəzi texniki düzəlişləri özündə ehtiva edə bilər. Azərbaycan həmin prinsiplərin bəzi detalları ilə razılaşmayıb. Bütövlükdə yenilənmiş Madrid prinsiplərində aydınlaşdırılmamış məqamlar var. Xüsusilə, bölgəyə sülhməramlı qüvvələrin göndərilməsi ilə bağlıdır. Azərbaycanın mövqeyi ondan ibarətdir ki, sülhməramlı qüvvələrin tərkibində paritet gözlənilməlidir. Laçın dəhlizi ilə bağlı olan məsələlər də hələ ki, öz həllini tapmayıb. Bütövlükdə, Azərbaycan bu prinsipləri qəbul edib. Azərbaycanın bu məsələdə mövqeyi ondan ibarətdir ki, 7 rayon qaytarıldıqdan sonra Laçın dəhlizinin işlənilməsinə baxıla bilər”, - Elman Nəsirov münasibət bildirdi.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 6041