Poroşenko Oqtay Əsədovla görüşdü


01:26     15 İyul 2016 1468515055.jpg

İyulun 14-də Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Ukrayna Prezidenti Pyotr Poroşenkonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.


Femida.az xəbər verir ki, sədr Ali qonağı səmimi salamlayaraq xalqlarımız arasındakı dostluq əlaqələrinin qədim tarixi köklərə söykəndiyini söyləyib. Bildirib ki, ölkələrimiz müstəqillik əldə etdikdən sonra münasibətlərimiz keyfiyyətcə yeni səviyyəyə yüksəlib. Spiker belə bir fikir ifadə edib ki, Ukrayna nümayəndə heyətinin ölkəmizə bu dəfə ki, səfəri əlaqələrimizin daha da inkişafına yeni impuls verəcək. Azərbaycan və Ukrayna prezidentlərinin görüşündə aparılan danışıqlar və müzakirə olunan məsələlər münasibətlərimizin daha da dərinləşməsinə xidmət edəcək.

Sədr iqtisadi sahədə əməkdaşlıq üçün geniş imkanlar olduğunu vurğulayıb. Qeyd edildi ki, ötən illə müqayisədə tiçari münasibətlərimizdə 20 faizdən çox artım müşahidə olunur. İnanırıq ki, gələcəkdə bu göstərici daha da artacaq.

Milli Məclisin Sədri dövlətlərarası münasibətlər sistemində parlamentlərin mühüm rol oynadığına diqqət çəkərək hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qruplarının fəaliyyət göstərməsini təqdirəlayiq hesab edib. Bildirib ki, deputatların qarşılıqlı səfərləri və beynəlxalq təşkilatlarda onları düşündürən məsələlər ətrafında müzakirələr aparılması təcrübə və informasiya mübadiləsi baxımından çox önəmlidir.

Söhbətdə Spiker regional münaqişələrin inkişafa mane olduğunu söyləyərək Azərbaycanın bütün ölkələrin ərazi bütövlüyünün qorunması barədə mövqeyinin dəyişməz olduğunu vurğulayıb.

Səmimi qəbul üçün minnətdarlığını bildirən Ukrayna Prezidenti Pyotr Poroşenko ölkəmizə səfərindən və burada keçirdiyi görüşlərdən razı qaldığını söyləyib. O, Prezident kimi ölkəmizə ilk dəfə səfər etdiyini, ölkəsinin azərbaycanla həyatın bütün sahələrində əlaqələrin inkişafında maraqlı olduğunu bildirib.

Qeyd edilib ki, nəqliyyat, neft və qaz daşınmaları, kənd təsərrüfatı, mədəniyyət və digər sahələrdə əməkdaşlığı genişləndirmək üçün yaxşı imkanlar vardır. Birgə layihələrin həyata keçirilməsi də hər iki xalqın mənafelərinə xidmət edir.

Söhbətdə tərəfləri maraqlandıran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Görüşdə Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov, parlament Aparatının rəhbəri Səfa Mirzəyev, Ukrayna ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Rüfət Quliyev, Ukraynanın ölkəmizdəki səfiri Oleksandr Misçenko və digər rəsmi şəxslər iştirak edirdilər.

Femida.az

Açar sözlər:

Oxunub: 1092