700 bal toplayan abituriyenti NASA işə götürdü


00:38     28 İyul 2016 10869614_603510676451800_5212467900251632605_o%20-%20Copy.jpg

Allahdan gizli deyil, bəndədən nə gizlin. Əslində heç yazıma belə bir başlıq qoymaq fikrində deyildim. Amma yazını necə olur olsun, oxutdurmalıydım. Ona görə bu yola əl atdım.


Əlqərəz, deyəsən, bu da yeni bir söz olub düşüb camaatın dilinə:

“Televizor izləmirəm”.

“Zor eləyirsiz!”. Nə deyirik?!

Onsuzda son günlər hamı sözləri zorlayıb arxasına da bir “zor” əlavə edir. “Ateist”ə “dinəzor”, “şpilka”ya “ipəzor” , televizor pultuna “uzağazor” ...

Bir haldaki, televizoru izləmirsiniz, təklif edirəm, televizorun adını da dəyişək. Hələ bir neçə il öncə “uzağı görən” bir dilçimiz televizora gendən baxdığı üçün “genigör” demişdi. Olsun genigör!

Nə isə, məqəsdim sözlərimizi zorlamaq deyil. Sadəcə günümüzdə televizorun insanları “zorladığını” deyənlərə çıxış yolu tapmaq istəyirdim.

Təbii ki, televizor izləyib-izləməmək bir inasanın öz istəyinə bağlıdır. Amma “televizora baxmıram” deyib özünü intelektual bir insan kimi göstərmək heç də xoş bir hal deyil.

Mənə nə deyirsiniz deyin, “televizor izləmirəm” deyən insan ya kor olmalıdır, ya tələbə yataqxanasında qalmalıdır, ya da “Murov”da əsgər olmalıdır. Başqa cür ola bilməz.

Maraqlısı odur ki, televizor izləmədiyini deyənlər, səhərdən axşama qədər “Facebook”da, “İnstagram”da əyləncə səhifələrini yeniləyir.

Əlini bayrağına, yorğanını ayağına görə uzatmağı yadırğayan insanlar evinə bir bayraq almır, əvəzində LCD Plazma televizora 800 manat sayır. Sonra da deyir ki, televizora baxmıram.

Mənim üçün “televizor izləmirəm” deyən insan, evlərinə gələn qonaqla vaxtını öldürmək üçün televizorun pultundan asılı qala insandır.

Mənim üçün “televizor izləmirəm” deyən insan, tanışlarına “Azərbaycan kanallarını izləyirsən? İyrənc” deyib, daha sonra televiziyadakı verlişlərin nöqsanları ilə bağlı status yazan insandır.

Mənim üçün “televizor izləmirəm”, “sosial şəbəkələrdən uzağam” deyən insan, qəbul imtahanına 5 dəqiqə qalmış “Facebook”da “imtahandayam” yazan insandır.

P. S Son bir həftədir ki, yüksək bal toplayan abituriyentlərin 2 il televizora baxmadığı ilə bağlı açıqlamaları gündəmə gəlib. Nə deyirəm, təki belə xəbərlər olsun. Ümid edirəm ki, 2 il televizora baxmayıb 700 bal toplayan abituriyentlərimiz qarşıdakı 4 ildə də televizor izləməz və NASA tapşırıqsız onları işə götürər.

Şahverdi Şirinli

Femida.az

Açar sözlər:

Oxunub: 30949