Gürcüstandan gələn soydaşlarımıza qarşı niyə laqeydik?


16:36     29 İyul 2016 13874886_819958401473692_421827795_n2.jpg

Bu gün Azərbaycan ərazisində Gürcüstan vətəndaşı olan xeyli sayda soydaşımız yaşayır. Təəssüflə qeyd etməliyik ki, bizimlə eyni dildə danışan, eyni qanı daşıyan həmin insanlar bizim əldə etdiyimiz imtiyazlardan yararlana bilmirlər.


80-ci illərin sonundan etibarən Ermənistandan deportasiya olunan azərbaycanlılara verdiyimiz statusu 90-cı illərin əvvəllərində Gürcüstandan sıxışdırılaraq ölkəmizə gələn soydaşlarımıza verə bilməmişik. İndinin özündə də Gürcüstanda təzyiqlərə məruz qalaraq Azərbaycana gəlmiş soydaşlarımızın qeydiyyat və vətəndaşlıq məsələləri ilə bağlı ciddi problemləri var. Onların xeyli hissəsi hələ də vətəndaşlıq ala bilməyiblər.

Fəaliyyəti dövründə Gürcüstan vətəndaşı olub Azərbaycanda yaşayan soydaşlarımızın problemləri ilə sıx surətdə məşğul olan vəkil Ruslan Vəliyev bildirdi ki, ölkəmizdə Gürcüstandan gələn soydaşlarımız və əcnəbilərə eyni münasibət göstərilir:

“Nəinki Gürcüstan vətəndaşları, hətta Gürcüstandan gəlib vətəndaşlığı olmayan şəxslər də var ki, bu gün xeyli sayda problemlərlə qarşılaşırlar. Vətəndaşlıq məsələləri, Azərbaycanda əldə olunmuş əmlakın qeydiyyatı ilə bağlı çətinliklər ən çox rastlanan problemlərdir. Hər hansı əcnəbiyə münasibətdə tətbiq olunan qaydalar Gürcüstandan gələn azərbaycanlılara da tətbiq olunur. Onlar əcnəbilər kimi Azərbaycanda 3 ay ərzində qala bilərlər, lakin 30 gün keçdikdən vəsiqə ilə təmin olunmalıdırlar. MDB ölkələri ilə əldə etdiyimiz razılaşmaya görə həmin ölkələrin vətəndaşları Azərbaycanda 3 aydan artıq qala bilməzlər. Vaxtilə Gürcüstanla da MDB çərçivəsində belə bir müqavilə imzalamışıq”.



Vəkil vurğuladı ki, 90-cı illərin əvvəllərindən Gürcüstandan sıxışdırılaraq Azərbaycana gələn soydaşlarımız hələ də Azərbaycan vətəndaşlığını əldə edə bilmirlər:

“Vaxtaşırı olaraq Gürcüstan vətəndaşı olan soydaşlarımız mənə müraciət edir. Hətta mənim belə bir məhkəmə işim var idi. Gürcüstandan gəlib vətəndaşığı olmayan şəxs Azərbaycan vətəndaşlığını əldə etməyə çalışırdı. Bu adam Azərbaycanda həqiqi hərbi xidmətdən keçmiş, hətta zabit kimi Qarabağ müharibələrində döyüşmüşdü. Lakin uzun müddət idi ki, Azərbaycan vətəndaşlığını ala bilmirdi. Çox böyük çətinliklərlə uzu sürən proseslərin ardından həmin şəxsə Azərbaycan vətəndaşlığının verilməsinə nail ola bildik. Lakin hələ də bu sahədə çox ciddi problemlər var. Gürcüstandan gəlib Azərbaycanda ailə həyatı qurur, sonradan isə bəzi çətinliklər ortaya çıxır. Məsələn, uşağa doğum haqqında şəhadətnamə ala bilmrlər. Səbəb isə valideynlərindən birinin Gürcüstan vətəndaşı olmasıdır. Ümumi olaraq, xarici ölkə vətəndaşlarının qarşılaşdığı bütün problemlərlə Gürcüstan vətəndaşı olan soydaşlarımız da qarşılaşır. Mövcud qanunvericiliyə əsasən 1998-ci ilə qədər Azərbaycanda yaşamış, qeydiyyatda olan şəxslər Azərbaycan vətəndaşı hesab olunurlar. Amma 1992-93-cü illərdən Azərbaycana gəlmiş soydaşlarımız Azərbaycan vətəndaşlığı ala bilmirlər”.

Ruslan Vəliyev problemi həll etmək məsuliyyəti ilk növbədə Dövlət Miqrasiya Xidmətinin üzərinə düşür:

“Unutmayaq ki, 80-ci illərin sonundan etibarən Ermənistandan sıxışdrılan azərbaycanlıları qəbul edib onlara qaçqın statusu verdik və onlar hər cür imtiyazlarla təmin olundular. Lakin 90-cı illərin əvvəllərindən etibarən Gürcüstan ərazisindən sıxışdırılaraq Azərbaycana məcburi köç etmiş soydaşlarımıza nəinki qaçqın statusu, hətta onlara hər hansı imtiyaz da verilmədi. Yəni Gürcüstandan köç etmiş azərbaycanlılara qarşı ayrıseçkilik oldu. İndinin özündə də Gürcüstan vətəndaşı olan soydaşlarımızın sadaladığımız problemləri qalmaqdadır. Bu məsələ ilə ilk növbədə Dövlət Miqrasiya Xidməti məşğul olmalıdır. Doğum haqqında şəhadətnamələri, şəxsiyyət vəsiqələrini verən qeydiyyat orqanları da problemin həllinə köklənməlidir”.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 2465