İranın artan enerji gücü yeni geosiyasi şəraitdə - TƏHLİL


15:15     05 Avqust 2016 iran%20enerji9.jpg


İranın yerləşdiyi coğrafi mövqe, onun mühüm strateji nöqtələrə nəzarət etməsi və zəngin enerji ehtiyatlarına malik olması bu ölkənin gücünü göstərən əsas amillərdir. Dünyadakı neft və qaz yataqlarının böyük bir hissəsi İranın payına düşür. Hörmüz boğazı qapadıldığı təqdirdə dünya bazarında neftin qiymətinin 200-300 dollara qədər qalxa biləcəyini və hazırda həmin boğaza İranın nəzarət etdiyini nəzərə alsaq, bu ölkənin qlobal enerji təhlükəsizliyində hansı paya sahib olduğunu dərhal anlamaq olar.

2011-ci ilin hesablamalarına görə, İran Hörmüz boğazından dünya bazarına gün ərzində 17 milyon barel neft çıxarıb. Bu miqdarın 85%-i Asiya bazarına ötürülüb. İran 30 trilyon kubmetrlik qaz ehtiyatı ilə dünyada Rusiyadan sonra ikinci yerdə göstərilsə də, son dövrlər kəşf olunan yeni yataqlarla Rusiyanı da qabaqladığı deyilir.



Hazırda İran əlində olan bu üstünlüklərdən istifadə edərək regionda liderliyi ələ ala bilər. İranın Milli Qaz Şirkətinin (NİGC) xarici əlaqələr üzrə direktoru Əzizolla Ramezani belə bir fikir vurğulayır: Regionun 10-a yaxın ölkəsinin İran qazına ehtiyacı var. İran isə bu ehtiyacı qarşılamağı hədəfləyib.

Ramezaninin sözlərinə görə, Çin və Hindistana qaz ixracı məsələsi də gündəmdədir. Bundan başqa, İran Cənubi Koreya və Yaponiyaya sıxılmış qaz satmaq imkanına sahibdir. Gələcəkdə İranın öz qazını Uzaq Şərqə, Mərkəzi və Cənubi Asiyaya çıxarması bu ölkənin artan nüfuzundan xəbər verir.

Bu gün İran təkcə regionun yox, Avropanın da qaza olan tələbatının bir qismini ödəmək niyyətindədir. Rusiyadan qaz asılılığını minimuma endirməyi hədəfləyən qərbin də İran qazına olan marağı yüksək qiymətləndirilir. Ramezani bildirir ki, 2021-ci ildə ixrac olunan qazın illik həcmi 68-80 milyard. kubmetrə çatacaq. Bütöv regionun isə qaza olan tələbatı 50 milyard kubmetrə bərabərdir. Bu isə o anlama gəlir ki, İran yaxın gələcəkdə Avropa bazarına illik 20-30 milyard kubmetr qaz çıxara biləcək.



İsrail qazı İran üçün əngəldir, amma...

Bilindiyi kimi, İsrail ərazisində 1 trilyon kubmetrə qədər qaz rezervləri aşkar olunub. Aralıq dənizi sahillərində tapılan bu yataqlarının təqribən 500-600 milyard kubmetrinin Türkiyə üzərindən Avropaya çıxarılması gündəmdədir. Bunu üçün isə dənizin dibi ilə dəyəri 3.5-5 milyard dollar olan yeni bir boru xəttinin çəkilməsi lazım olacaq. Təbii ki, belə bir layihənin reallaşması İran qazının Avropaya çıxışına mane ola bilər. Bu zaman İran həm də Türkiyədəki bazarını əlindən çıxara bilər. Türkiyənin qaza olan tələbatının 55%-ni Rusiya ödəyir. Bu baxımdan Türkiyə üçün önəmli olan Rusiyadan asılılığı aradan qaldırmaqdır. Belə bir şəraitdə Türkiyənin həm İran, həm də İsraillə uyğun şərtlər daxilində bazarlıq edəcəyi gözlənilir. Əgər İran Türkiyəyə satacağı qazda endirimə getsə, heç şübhəsiz Türkiyə İrandan yana qərar qəbul edəcək. Həm də İran qazının Türkiyəyə çatdırılmaıs üçün hazır boru xətləri var. İran TANAP və TAP layihələri vasitəsilə həm Türkiyə, həm də Avropaya maneəsiz çıxış əldə edə bilər. Bu baxımdan Türkiyənin İranla əməkdaşlığa yaşıl işıq yandıracağı istisna edilmir.

Ceyhun Əhmədli
Analitik xidmət

Açar sözlər:

Oxunub: 2545