Ağsuda güclü meşə yanğını - 8 saatdır davam edir


00:27     19 Avqust 2016 1439801827_130728-yangin2.jpg

Ağsu və Şamaxı rayonlarının dağlıq və meşə ərazisində baş verən güclü yanğın daha da geniş ərazini əhatə edib.


Ağsu dolaylarında baş verən yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının şəxsi heyəti, Ağsu, Şamaxı, Kürdəmir, Göyçay, İsmayıllı və Qobustan rayonlarının Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi cəlb olunub. Yanğın hadisəsi yüksək dağlıq ərazidə baş verdiyi üçün hadisə yerinə yanğınsöndürən avtomobillərin yaxınlaşması mümkün olmayıb. Yanğınsöndürənlər əl əməyindən istifadə edərək alovun qarşısını almağa çalışırlar.

Məlumata görə bu gün saat 12:30 radələrində başlayan yanğın hal-hazırda davam edir. Şamaxı rayonunun Şərədil kəndi ərazisində naməlum səbəbdən başlayan meşə yanğınları getdikcə Ağsu ərazisinə keçib. Ərazidə havanın küləkli olması qısa vaxtda alovun daha da genişlənməsinə səbəb olub. Yanğınsöndürənlər Ağsu dolaylarındakı meşəlik əraziləri, yaxınlıqdakı otel və istirahət mərkəzlərini alovdan mühafizə etməyə çalışırlar.

Hadisə zamanı ilkin məlumata görə 5 hektar sahədə meşə ağacları, quru ot və kol-kos yanıb. Yanğının söndürülməsi üçün tədbirlər davam etdirilir. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil. Faktla bağlı araşdırma aparılır. (Apa)

Femida.az

Açar sözlər:

Oxunub: 2320