Xan Şuşinskinin doğum günüdür


20:26     20 Avqust 2016 blank.jpg

Ölkənin musiqi ictimaiyyəti bu gün Azərbaycan muğam ifası ənənəsində fərdi yolu ilə seçilən Xalq artisti Xan Şuşinskinin anadan olmasının 115 illiyini qeyd edir.


Femida.az-ın məlumatına görə, Xan Şuşinski (İsfəndiyar Aslan oğlu Cavanşir) 1901-ci ildə Şuşa şəhərində doğulub.

Onun bir xanəndə kimi yetişməsində Cabbar Qaryağdıoğlunun və Seyid Şuşinskinin böyük təsiri olub.

Gənc xanəndə 1920-ci ildə Bakıya gələrək ifaçılıq fəaliyyətini genişləndirib. Xanın repertuarında "Mahur-Hindi", "Bayatı-Qacar", "Qatar" muğamları, "Qarabağ şikəstəsi", "Arazbarı", "Heyratı" zərb muğamları ilə yanaşı, xalq mahnıları və təsniflər, bəstəkar nəğmələri də əsaslı yer tutub.

1934-cü ildə Xan Şuşinski Tiflis şəhərində keçirilən Zaqafqaziya xalqlarının birinci incəsənət olimpiadasında böyük müvəffəqiyyət qazanıb, həmçinin digər ölkələrdə də Azərbaycan musiqi mədəniyyətini yüksək səviyyədə təmsil edib.

1960-cı ildə Azərbaycan Dövlət Filarmoniyasının nəzdində "Muğam studiyası" yaradıb və burada gənc xanəndələrə muğamın sirrlərini öyrədib. Eləcə də Azərbaycan Dövlət Musiqi Məktəbində dərs deyib.

Xan Şuşinski 1979-cu il martın 18-də dünyasını dəyişib.

Açar sözlər:

Oxunub: 1158