Oqtay Zülfüqarov vəfat etdi


14:44     31 Avqust 2016 oqtay%20zulfiqarov.jpg

Azərbaycanın məşhur uşaq bəstəkarı, Azərbaycan SSR-nin əməkdar incəsənət xadimi, Azərbaycan Respublikasının xalq artisti Oqtay Zülfüqarov 87 yaşında vəfat edib.


Bu barədə Femida.az-a Azərbaycan Bəsətkarlar İttifaqından məlumat verilib.

Xatırladaq ki, Oqtay Zülfüqarov 1929-cu il mayın 31-də hakim ailəsində dünyaya gəlib. 1945-ci ildə 1 saylı Musiqi Məktəbinin violoncel sinfinə qəbul olunan Oqtay yeddi illik musiqi məktəbini iki ilə başa vurub, A.Zeynallı adına Musiqi Məktəbində təhsilini davam etdirib. Bir müddət Dövlət Konservatoriyasının violoncel sinfində oxudu, sonra imtahansız professor Qara Qarayevin bəstəkarlıq sinfinə qəbul olundu.

1957-ci ildə üçüncü kursda oxuyarkən Azərbaycan bəstəkarlarının qurultayında gənc bəstəkarın fortepiano triosu uğur qazandı. 1958-ci ildə silsilə mahnılar yaratmağa başlayır. Eyni zamanda o, ‘‘Qız-ulduz‘‘, ‘‘Pişik və Sərçə‘‘ və ‘‘Meşə nağılı‘‘ operalarını da yazır. ‘‘Şəngülüm, Şüngülüm və Məngülüm‘‘ adlı musiqili komediya, violoncel və fleyta üçün konsertlər, simfonik poemalar, kantatalar, dörd simfoniya, instrumental pyeslər, teatr və kino üçün musiqi yazan bəstəkarın böyük simfonik orkestr üçün yaratdığı ‘‘Şənlən mənim xalqım‘‘ uvertürası 1962-ci ildə Moskvada laureat adına layiq görülmüşdür.

2010-2012 illərdə O.Zülfüqarov ‘‘Məlik Məmməd‘‘ nağılı əsasında uşaqlar üçün ‘‘Sehrli alma‘‘ iki hissəli balet, ‘‘Tumurcuq‘‘ və ‘‘Aysel‘‘ Mahnı Uşaq Teatrının bədii rəhbəri Tamilla Babayeva və Vidadi Xəlilovla birgə II və V siniflər üçün musiqi dərslikləri yazmışdır.

Uzun illər ‘‘Tumurcuq‘‘ və ‘‘Aysel‘‘ Uşaq Mahnı Teatrı Oqtay Zülfüqarovun rəhbərliyi altında Azərbaycan Dövlət Televiziyasında verlişlər hazırlamışdır. Musiqi ilə yanaşı bəstəkar həm də şeirlər yazmış və onlar ‘‘Oxuyur Aysel‘‘ adlı topluda işıq üzü görmüşdür. 1972-ci ildə Azərbaycan incəsənət xadimi, 2000-ci ildə Xalq artisti adına layiq görülmüş, 2009-ci ildə ‘‘Şöhrət ordeni‘‘ ilə təltif edilmişdir. Prezident təqaüdçüsü, bəstəkar Oqtay Zülfüqarov hazırda Dövlət Uşaq Filarmoniyasının bədii rəhbəri idi.

Allah rəhmət eləsin!

Açar sözlər:

Oxunub: 1792