Əlillərə protez verildi


16:03     06 Sentyabr 2016 araba%20elil.jpg

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) xətti ilə əlilliyi olan şəxslər 23156 protez-ortopedik məmulat və reabilitasiya vasitəsi ilə təmin olunublar.


ƏƏSMN-dən Femida.az-a verilən məlumata görə, Nazirlik tərəfindən əlilliyi olan şəxslərin tibbi-sosial reabilitasiyası sahəsində görülən işlərin bir istiqaməti də onların protez-ortopedik bərpa xidmətləri ilə təminatına yönəlib.

Bu istiqamətdə fəaliyyətin davamı olaraq, cari ilin yanvar-avqust aylarında nazirliyin Protez-Ortopedik Bərpa Mərkəzi, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi tərəfindən 9747 nəfər əlilliyi olan şəxs (o cümlədən 1153 nəfər Qarabağ müharibəsi əlili) qeyd olunan xidmətlərlə təmin edilib. Onlara ümumilikdə 23156 protez-ortopedik məmulat və reabilitasiya vasitəsi verilib.

Belə ki, əlilliyi olan şəxslər 1077 ədəd əlil arabası, 646 ədəd aşağı ətraf, 124 ədəd yuxarı ətraf və 247 ədəd döş protezi, 6087 ədəd müxtəlif reabilitasiya vasitəsi, 931 ədəd yuxarı və aşağı ətraf ortezi, 544 ədəd bel və boyun nahiyəsi üçün korset, 449 ədəd eşitmə aparatı ilə təmin olunublar. Həmçinin onlara 2262 cüt protez ayaqqabı, 3101 cüt ortopedik ayaqqabı, 629 ədəd dördayaqlı dayaq vasitəsi, 716 cüt qoltuqaltı və 1195 cüt dirsəkaltı ağac, 1822 ədəd əsa və s. verilib. Eləcə də əlilliyi olan şəxslərə məxsus 632 reabilitasiya vasitəsi və protez-ortopedik məmulat təmir edilərək onlara təqdim olunub.

Mərkəzin və onun Gəncə şəhərindəki filialının mürəkkəb protezləşdirmə stasionarlarında 478 nəfər əlilliyi olan şəxsə və sağlamlıq imkanları məhdud uşağa reabilitasiya yönümlü xidmətlər göstərilib.

Femida.az

Açar sözlər:

Oxunub: 817