Şadlıq evi toyun diskini vermir – Bakıda maraqlı olay


16:05     21 Sentyabr 2016 14429091_852127308256801_1182868820_n9.jpg

`Toyun diskini verin, yoxsa məhkəməyə müraciət edəcəm"

Bakıda yerləşən şadlıq saraylarının birində toy etdilər, ancaq restoran rəhbərliyi toyun diskini onlara vermədi.


Övladına toy edən Nofəl Abdullayev adlı şəxs Femida.az-a müraciət edərək deyir ki, restoran rəhbərliyi əvvəlcədən toyun yüksək səviyyədə keçiriləcəyinə söz verib:

“Mən Abdullayev Nofəl Aşır oğlu, “Flaminqo” şadlıq sarayında oğluma el adət-ənənəsinə uyğun toy etdim. Əvvəlcədən restoran rəhbərliyi ilə bir nəfərin toy xərci olaraq 33 manatdan razılaşdıq. Biz öz aramızda razılığa gəldik. Mən ödənişi edəcəyimə, onlar isə toyu yüksək səviyyədə keçiriləcəklərinə söz verdilər. Toy 13 sentyabr 2016-cı il tarixində baş tutdu. Lakin xidmətdən xeyli narazı qaldıq, şadlıq evində kondisionerlər işləmədi, menyuda nəzərdə tutulmuş yeməklər masaya gətirilmədi, soyuq içkilər isə ist halda təqdim olundu. Şadlıq evinin rəhbərliyi bizə söz vermişdi ki, iki məşhur müğənni toyda iştirak edəcək. Lakin belə olmadı. Bu barədə rəhbərliyə etirazımı bildirdim. Bəzi qonaqlar isə toydan narazı getdilər”.

Nofəl Abdullayev bildirdi ki, bundan sonra şadlıq evinə razılaşdığım məbləğdən 500 manat az ödəniş etdim:

“Toydan sonra restoran rəhbərliyinə iradlarımı bildirdim. Mənə dəymiş mənəvi zərərin qarşılığında onlara 500 manat az pul ödədim. Onlar isə bunun qarşılığında toyun diskini verməkdən imtina etdilər. Mən toyun diskini tələb edirəm. Əgər yaxın vaxtlarda disk bizə verilməsə, məhkəməyə müraciət edəcəm”.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 9584