Milli Məclisdə əlillərlə bağlı müzakirə


03:20     23 Sentyabr 2016 millimeclisyeni2.jpg

Bu gün Milli Məclisdə əlilliyi olan gənclərin “Şərq nağılı” beynəlxalq yaradıcılıq festivalının iştirakçıları ilə görüş keçirilib.



Femida.az xəbər verir ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəblinin sədrliyi ilə keçən görüşdə deputatlar Aqiyə Naxçıvanlı, Fuad Muradov, Çingiz Qənizadə, universitet rektorları və xarici qonaqlar iştirak ediblər.

H. Rəcəbli ölkədə əlilliyi olan şəxslər üçün həyata keçirilən sosial proqramlardan, dövlət dəstəyindən danışıb.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı bildirib ki, Azərbaycanda son illərdə inklüziv təhsilin təşkilinə xüsusi əhəmiyyət verilir: “Bu istiqamətdə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın dəstəyi ilə görülən işləri xüsusi qeyd etmək lazımdır. Bu gün Azərbaycanda sağlamlıq imkanları məhdud insanlar özlərini cəmiyyətdən təcrid olunmuş hesab etmirlər”.

Milli Məclisin Gənclər və İdman komitəsinin sədri Fuad Muradov deyib ki, Azərbaycanın sağlamlıq imkanları məhdud insanların cəmiyyətə inteqrasiyasını nəzərdə tutan qanunvericilik bazası Avropa standartlarına cavab verir: “Əsas məsələ qanunvericilik bazasının bütün təbəqələri üçün əlçatanlığın təmin edilməsidir. Sağlamlıq imkanları məhdud insanların aktiv həyata cəlb olunması olduqca vacib məsələdir. Belə insanların mobilliyi nə qədər çox təmin olunursa, onların problemlərini bir o qədər dərindən öyrənmək mümkün olur”.

Qeyd edək ki, Azərbaycanın Gənclər və İdman Nazirliyi, MDB ölkələrinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu və “Dan” Beynəlmiləlçi Gənclər İctimai Birliyinin birgə təşkilatçılığı ilə Bakıda Əlilliyi olan gənclərin “Şərq nağılı” beynəlxalq yaradıcılıq festivalı keçirilir. Festivalda Azərbaycanla yanaşı, Rusiya, Belarus, Ukrayna, Gürcüstan, Moldova və Litvadan olan gənclər iştirak edir.

Açar sözlər:

Oxunub: 940