Zakir Qaralov vitse-prezidentlə görüşüb
23:20 29 Sentyabr 2016
Bu gün Baş prokuror Zakir Qaralov ölkəmizdə keçirilən V Bakı Beynəlxalq Humanitar Forumla əlaqədar Azərbaycanda səfərdə olan Bolqarıstanın vitse-prezidenti, Beynəlxalq Antikorrupsiya Akademiyasının (IACA) İdarəetmə Şurasının sədri xanım Marqarita Popova ilə görüşüb.
Baş Prokurorluğun mətbuat xidmətindən Femida.az -a verilən məlumata görə, görüşdə Z. Qaralov ölkələrimiz arasında olan və möhkəm təməllər üzərində qurulmuş siyasi, iqtisadi, elmi və mədəni əlaqələr istiqamətində qarşılıqlı münasibətlərin yüksələn xətlə inkişaf etdiyini bildirib.
Görüşdə həmçinin Azərbaycan prezidenti İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq ölkələrimiz arasında mövcud strateji əməkdaşlığın ruhuna uyğun olaraq hər iki ölkənin prokurorluq orqanları arasında səmərəli ikitərəfli əlaqələrin inkişaf etməsindən doğan məmnunluq ifadə edilib, korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən qanunvericilik və institusional, cinayət təqibi və qabaqlayıcı tədbirlər barədə, habelə Baş İdarənin strukturu və fəaliyyət istiqamətlərinə dair ətraflı məlumat verilib.
Baş prokuror Z. Qaralov korrupsiyaya qarşı mübarizədə beynəlxalq əməkdaşlığın əhəmiyyətini, təcrübə mübadiləsinin vacibliyini nəzərə almaqla bu sahədə ixtisaslaşmış beynəlxalq təşkilatlarla əlaqələrin qurulmasına və daha da inkişaf etdirilməsinə daim önəm verildiyini diqqətə çatdırıb.
Baş prokuror ölkələrimiz arasında qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsində, o cümlədən Beynəlxalq Antikorrupsiya Akademiyasının (IACA) İdarəetmə Şurasının sədri kimi fəaliyyət göstərdiyi müddət ərzində ölkəmizə ayırmış olduğu xüsusi diqqət və müsbət töhfələrinə görə, o cümlədən bu mötəbər beynəlxalq təşkilatla əməkdaşlığın inkişaf etdirilməsində göstərdiyi fəal dəstəyə görə M. Popovaya minnətdarlığını bildirib.
Baş İdarədə yaradılmış yüksək iş şəraitindən məmnunluğunu ifadə edən M. Popova ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində əldə edilmiş nailiyyətləri yüksək qiymətləndirib, Azərbaycan nümayəndəsinin Beynəlxalq Antikorrupsiya Akademiyasının İdarəetmə Şurasının üzvlüyünə seçilməsinin önəmini vurğulayıb və bundan sonra da ölkəmizə fəal dəstək verəcəyini bildirib.
Sonra qonaqlar milli memarlıq üslubunda və müasir standartlar səviyyəsində inşa edilmiş Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin inzibati binasında müxtəlif səviyyəli konfransların və tədbirlərin keçirilməsi üçün nəzərdə tutulmuş iclas zalları, normativ-hüquqi aktlarla zəngin və digər dövlət orqanlarının elektron kitabxanalarına çıxışla təmin edilmiş kitabxana, kriminalistika otağı, müasir proqram təminatı ilə təchiz edilmiş 161 saylı “Qaynar xətt” əlaqə mərkəzi, dövlət orqanlarının məlumat bazalarına çıxışı olan informasiya-kommunikasiya şəbəkəsi və əməliyyatların idarə edilməsi mərkəzi və vətəndaşların qəbulu otağı ilə yaxından tanış olublar.
Qonaqlara korrupsiyaya qarşı mübarizə sahəsində ölkəmizdə həyata keçirilən tədbirlər, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin fəaliyyətini əks etdirən buklet, bülleten və kitabçalar təqdim edilib.
Görüşdə Azərbaycan Milli Məclisinin deputatı və Beynəlxalq Antikorrupsiya Akademiyasının İdarəetmə Şurasının üzvü Vüsal Hüseynov da iştirak edib.
Femida.az
Oxunub: 2481
Oxşar xəbərlər
- Zakir Həsənov şəxsi heyətlə iş üzrə zabitlərlə görüşüb
- Zakir Fərəcov iki məmuru işdən çıxardı
- Zakir Həsənov müşavirə keçirdi - Nazirdən tapşırıq
- Zakir Həsənov `Rembo`nu Gülhanəyə göndərdi
- Zakir Həsənov əsgər valideynləri ilə görüşdü - FOTOLAR
- Zakir Həsənov rumıniyalı həmkarı ilə görüşdü
- Zakir Həsənov tank bölmələrində olub
- Zakir Həsənov cəbhə xəttinə getdi - FOTOLAR
- Zakir Həsənov Anjey Kaspşik ilə görüşdü
- Zakir Həsənov yeni idarəetmə məntəqəsinin açılışında iştirak edib