Oqtay Əsədov səfirlərlə görüşüb


20:24     08 Noyabr 2016 oqtay%20esd.jpg

Milli Məclisin sədri Oqtay Əsədov Rumıniyanın Azərbaycana yeni təyin olunmuş səfiri Dan İankunu qəbul edib.


Milli Məclisin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, sədr dövlətlərarası münasibətlərin inkişafında parlamentlərin rolunu yüksək qiymətləndirib.

O. Əsədov bildirib ki, Rumıniya parlamentinin hər iki palatasının sədrləri müxtəlif vaxtlarda Azərbaycana səfər ediblər: “Biz prinsipial məsələlərdə beynəlxalq qurumlarda Rumıniyanın Azərbaycana göstərdiyi dəstəyi yüksək dəyərləndirir və ümid edirik ki, bu dəstək gələcəkdə də davam edəcək”.

D. İanku deyib ki, Rumıniya Azərbaycanı özünə dost və qardaş ölkə hesab edir: “Azərbaycanın əldə etdiyi uğurlar Rumıniyanı da sevindirir. Siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə əlaqələrimizin daha da möhkəmlənməsi ümumi məqsədlərə xidmət edir”.

Milli Məclisin sədri O. Əsədov Avstriyanın ölkəmizə yeni təyin olunmuş səfiri Aksel Vexi də qəbul edib. Spiker bildirib ki, Azərbaycan Avropanın etibarlı enerji tərəfdaşıdır: “Hər iki ölkə parlamentində fəaliyyət göstərən dostluq qrupları sıx və faydalı əməkdaşlıq üçün körpü rolunu oynayır. Biz deputatların qarşılıqlı səfərlərini təqdirəlayiq hesab edirik”.

A. Vex qeyd edib ki, Avstriya Qafqazın bu bölgəsi ilə əlaqələrin inkişafında maraqlıdır: “Azərbaycanın qısa zaman kəsiyində əldə etdiyi uğurlar və bölgədə baş verən proseslər Avropa ölkələrinin, o cümlədən Avstriyanın diqqət mərkəzindədir. Biz Azərbaycanın Avropanın enerji arxitekturasında oynadığı rolu yaxşı başa düşür və bunu yüksək qiymətləndiririk”.

Hər iki görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 920