Ev dələduzlarından necə qorunaq? - Hüquqi ŞƏRH


17:48     19 Dekabr 2016 Home-buying.jpg

Xəbər verdiyimz kimi, bir müddət əvvəl Ülfət Məmmədov adlı şəxs kirayə qaldığı mənzili Bakı şəhər sakini Nərgiz Ələsgərovaya dələduzluq yolu ilə satmağa cəhd edib.


Ülfət Məmmədov hətta adı çəkilən şəxsdən ilkin ödəniş kimi 10 min manat alıb. Nəticədə iş məhkəməyə gedir və Ülfət Məmmədov törətdiyi əmələ görə 8 il müddətinə azadlıqdan məhrum edilir.

Bu məqamda sual yaranır, belə dələduzların qurbanı olmamaq üçün nələrdə diqqətli olmalıyıq?

Sualımızı vəkil Asif Abdullayev cavablandırdı.

Asif Abdullayev bildirdi ki, mənzil alarkən diqqətli olmaq lazımdır. Onun sözlərinə görə, bu cür dələduzların toruna düşməmək üçün aşağıdakıları bilmək lazımdır:

“Mənzili yalnız onun mülkiyyətçisi və yaxud mülkiyyətçinin verdiyi etibarnamə əsasında digər şəxs sata bilər. Çıxarışı və etibarnaməni mütləq nəzərdən keçirin. Beh verdikdə bu barədə müqavilə imzalayın. Behin məbləğini mümkün qədər az verin. Mənzili almaq fikirinizdən daşınsanız, beh batacaq. Mənzil mülkiyyətçisi mənzili satmaqdan imtina etsə, behi ikiqat məbləğdə qaytarmalıdır”.

Hüquqşünas vurğuladı ki, ev alan şəxs dövlət reyestrindən çıxarış aldıqdan sonra tam rahat ola bilər:

Mənzil alqı-satqısı notarius vasitəsi ilə həyata keçirilir. Ödəniş də notarius vasitəsi ilə həyata keçirilir. Alqı-satqı müqaviləsinin bir nüsxəsi sizə də təqdim edilir. Notarius müqaviləni daşınmaz əmlakın dövlət reyestri xidmətinə göndərir və mənzilə dair mülkiyyət hüququnuzun qeydə alınması barədə həmin reyestrdən çıxarış aldıqdan sonra tam rahat ola bilərsiniz.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 1247