Taleh Bağırovun məhkəməsi olub


18:21     19 Dekabr 2016 taleh%20b.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi sonra davam etdirilib.


Femida.az-ın xəbərinə görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə vəkillər təqsirləndirilən şəxslərin məhkəmədə iştiraklarının təmin edilməsi barədə vəsatət veriblər.

Lakin məhkəmə vəsatəti təmin etməyib.

Təqsirləndirilən Şamil Abduləliyevin vəkili Zibeydə Sadıqova müdafiə etdiyi şəxsin anasının rəhmətə getdiyini deyib, onun yas məclisində iştirakına icazə verilməsini istəyib. Hakim bununla bağlı Penitensiar xidmətə müraciət edəcəklərini deyib.

Vəkil Fariz Namazlı isə Abbas Hüseynovun səs yazısı olan diskə onun iştirakı ilə qulaq asılması barədə vəsatət qaldırıb. Vəkil bildirib ki, A. Hüseynov bəzi ifadələrin ona məxsus olmadığını deyib. Vəkil Nemət Kərimli isə daxili işlər naziri Ramil Usubovun və mətbuat xidmətinin rəisi Sadiq Gözəlovun məhkəmədə dindirilmələri barədə vəsatət qaldırıb.

Məhkəmə vəsatətləri təmin etməyib.

Vəkil Yalçın İmanov bildirib ki, iş üzrə hal şahidlərindən İntiqam Kərimov digər işlərdə də hal şahidi olub. Vəkilin sözlərinə görə, Hüseynağa Məmmədov adlı şahid isə narkotik ittihamı ilə əvvəllər həbs edilib. Y. İmanov onların imzaladıqları protokolların iş materiallarından çıxarılması və etibarsız hesab edilməsi haqqında vəsatət verib.

Proses günün ikinci yarısında davam edəcək.

Qeyd edək ki, T. Bağırov Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinin 29, 120. 2.1, 29,120.2.3, 29, 120.2.4, 29,120.2.7, 29, 120. 2. 12, 228.3-cü (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4-cü (qanunsuz olaraq silah gəzdirmə) və digər maddələri ilə ittiham olunur. Ötən il noyabrın 26-da hüquq-mühafizə orqanlarının əməkdaşlarının Bakının Nardaran qəsəbəsində keçirdikləri xüsusi əməliyyat zamanı T. Bağırov da daxil olmaqla 60-dan çox şəxs saxlanılıb. Həmin şəxslərdən bir neçəsinin cinayət işi digərlərindən ayrılaraq Sabunçu rayon Məhkəməsinə göndərilib, barələrində müvafiq hökmlər çıxarılıb.

AXCP sədrinin müavini F. Qəhrəmanlı isə ötən il dekabrın 8-də həbs edilib. O, Cinayət Məcəlləsinin 281-ci (dövlət əleyhinə açıq çağırışlar), 283-cü ( milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) maddələri ilə ittiham olunur.

Femida.az

Açar sözlər:

Oxunub: 870