Hansı vergi borcları silinəcək? – Hüquqi şərh


14:07     29 Dekabr 2016 500703.jpg

Vergi borclarının silinməsi barədə qanun layihəsi artıq milli məclisin müzakirəsinə çıxarılıb və yaxın günlərdə təsdiq ediləcəyi gözlənilir. Qanun layihəsi prezidentin təşəbbüsü ilə hazırlanıb.


Bu barədə Femida.az-a açıqlamasında vəkil Asif Abdullayev danışıb.

Asif Abdullayev bildirdi ki, bu qanuna əsasən yalnız gecikdirilmiş vergi borcları üzrə hesablanmış faizlər və maliyyə sanksiyaları silinəcək:

“Yəni dövlət büdcəsinə ödənilməli olan verginin özü deyil, həmin verginin gecikdirilməsinə görə hesablanmış faizlər və maliyyə sanksiyaları silinəcək. Faizlər dedikdə, ödənilməli olan verginin ödəniş tarixindən sonra gecikdirilmiş hər gün üçün 0,1 faiz miqdarında məbləğ nəzərdə tutulur. Vergi məcəlləsinə əsasən, gecikdirilmiş vergi borcuna görə faizlər ən çoxu bir il müddətində hesablana bilər. Maliyyə sanksiyası dedikdə isə, verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında cərimə nəzərdə tutulur (maliyyə sanksiyası) nəzərdə tutulur. Vergilər məcəlləsinin 58-ci maddəsinə əsasən, vergi qanunvericiliyinin pozulmasına görə fərqli məbləğdə maliyyə sanksiyası da tətbiq edilə bilər. Beləliklə, 01 yanvar 2017-ci il tarixinədək mövcud olan gecikdirilmiş vergiyə görə hesablanmış faiz borcları qeyd-şərtsiz silinəcək”.



Asif Abdullayevin sözlərinə görə, 01 yanvar 2017-ci il tarixinə mövcud olan və Vergilər məcəlləsinin 58.7-ci maddəsinə (əsasən nəğdsiz hesablaşma qaydalarının pozulmasına görə) maliyyə sanksiyaları da qeyd-şərtsiz silinəcək:

“Amma qanun layihəsinə əsasən, digər maliyyə sanksiyaları mərhələli şəkildə və müəyyən şərtlərdən asılı olaraq faiz nisbətində silinəcək. Belə ki, 1 yanvar 2017-ci il tarixə mövcud olan maliyyə sanksiyaları üzrə borcların 2017-ci ilin yanvar ayı ərzində 30%-i ödənildikdə qalan borcların 70%-i, 2017-ci ilin yanvar-fevral ayları ərzində 50%-i ödənildikdə qalan borcların 50%-i, 2017-ci ilin yanvar-mart ayları ərzində isə 70%-i ödənildikdə qalan borcların 30%-i silinəcək. Bu qanun vergi ödəyicilərinin faiz və maliyyə sanksiyaları üzrə borclarının məcburi ödənilməsi ilə bağlı məhkəmə qərarı qəbul edilmiş hissələrinə də şamil ediləcək. Yən faizlərin və maliyyə sanksiyasının ödənilməsi barədə məhkəmə qərarı olduğu halda da 2017-ci ilin yanvar ayına olan bu cür borclar silinəcək”.

Qeyd edək ki, əlavə sual olduğu təqdirdə 195 nömrəsinə zəng etmək olar.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 2090