Oqtay Əsədov yeni səfirlərlə görüşdü


01:30     03 Fevral 2017 oqtay%20esd.jpg

Bu gün Milli Məclisin sədri Oqtay Əsədov İranın Azərbaycanda səfiri Cavad Cahangirzadə və Böyük Britaniyanın Azərbaycandakı səfiri Karol Meri Kroftsi qəbul edib.



Milli Məclisin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, O. Əsədov yeni təyin edilən İran səfirinə gələcək işlərində uğurlar diləyib.

Görüşdə Azərbaycan və İran dost və qardaş ölkələr olduğu, ötən ilin avqustunda Bakıda Azərbaycan, İran və Rusiya dövlət başçılarının görüşlərinin təkcə ölkələrimiz deyil, region üçün də mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb. İran şirkətinin Bakıda əczaçılıq zavodunun inşasındakı fəaliyyəti təqdirəlayiq qiymətləndirilib. O. Əsədov dövlətlərarası münasibətlərimizin inkişafında parlamentlərin özünəməxsus rolu olduğunu söyləyib. C. Cahangirzadə isə deyib ki, İran yaxın qonşusu Azərbaycanla həyatın bütün sahələrində münasibətlərin daha da dərinləşməsində maraqlıdır.

O. Əsədov Böyük Britaniyanın Azərbaycana yeni təyin olunmuş səfiri K. M. Kroftsə də gələcək diplomatik fəaliyyətində uğurlar arzulayıb: “Bu gün Azərbaycanda 500-dən artıq Britaniya sərmayəli şirkət və çoxsaylı iş adamları fəaliyyət göstərirlər. Böyük Britaniya strateji əhəmiyyət kəsb edən neft və qaz kəmərlərinin çəkilişində Azərbaycanı həmişə dəstəkləyib. Ölkəmiz artıq TAP və TANAP kimi layihələrin icrasına start verib. Birgə Hökumətlərarası Komissiyanın yaradılması qarşıya qoyulan ümumi məqsədlərə çatmaq üçün uğurlu bir addımdır”.

O. Əsədov nüfuzlu beynəlxalq qurumlarda, beynəlxalq parlament platformalarında iki ölkənin deputatlarının uğurlu əməkdaşlıq etdiklərini qeyd edib. K. M. Krofts təmsil etdiyi ölkənin Qafqazın bu bölgəsinə böyük maraq göstərdiyini, burada həyata keçirilən qlobal enerji layihələrinin reallaşması üçün Azərbaycana gələcəkdə də dəstək vermək niyyətində olduğunu nəzərə çatdırıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1113