Əliyev Parisdə, Sarkisyan Moskvada – Regionda nələr baş verir?


16:49     15 Mart 2017 aliyev%20sarkisyan5.jpg

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev hazırda Fransada səfərdədir. Hələlik davam edən səfər çərçivəsində İlham Əliyev başda fransalı həmkarı Fransua Olland və Fransa senatının sədri Jerar Larşe ilə olmaqla bir sıra mühüm görüşlər keçirmişdir. Prezidentlərin görüşündə Dağlıq Qarabağ münaqişəsinin həlli mexanizmləri və Fransanın münaqişənin nizamlanmasında oynadığı rol müzakirə olunub. Görüş zamanı Olland bildirib ki, bu səfər Fransa-Azərbaycan münasibətlərində yeni mərhələnin başlanğıcıdır.


Məlumat üçün bildirək ki, Ermənistan Prezidenti Serj Sarkisyan hazırda Moskvada səfərdədir.

Femida.az Prezidentin Paris səfəri və bu səfərdən sonrakı Fransa-Azərbaycan münasibətlərinin hansı səviyyədə inkişaf edə biləcəyi ilə bağlı politoloqların mövqeyini öyrənib.

Politoloq Qabil Hüseynlinin fikrincə, İlham Əliyevin Paris səfəri tam yerinə düşdü. Belə ki, səfər nəticəsində Sarkisyanın yaydığı yalanlar və ictimai rəyləri aldatmaq cəhdləri alt-üst oldu:

“Bundan əvvəl Sarkisyan Parisdə səfərdə idi. Həmin səfər zamanı Fransa Prezidenti Fransua Olland Azərbaycan əleyhinə zərərli fikirlər söyləmişdi. O hətta “Artsax Respublikası” sözündən də istifadə edərək Dağlıq Qarabağda keçirilən qondarma “referendum”u bir növ təsdiqləmişdi. Fikrimcə, Olland çox riyakar şəxsdir. Eyni zamanda, bu gün Fransa şirkətləri Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində qanunsuz fəaliyyətlə məşğuldurlar. Fransa sözdə özünü Azərbaycanla dost ölkə kimi göstərir, amma Dağlıq Qarabağla bağlı riyakarlıq nümayiş etdirməkdən də çəkinmir. Prezident İlham Əliyevin Paris səfəri bu mənada yerinə düşdü. Belə ki, Sarkisyanın yaydığı yalanlar və ictimai rəyləri aldatmaq cəhdləri alt-üst oldu. Həm də Fransa tərəfinə bir sıra mühüm mesajlar verildi. Bu mesajlar ondan ibarətdir ki, Azərbaycanın ərazi bütövlüyünə əməl edilməli və Dağlıq Qarabağdakı qondarma rejimin hüdudlarında fəaliyyət göstərən şirkətlər öz fəaliyyətin dayandırmalıdır. Səfər həm də onu göstərdi ki, Azərbaycan Respublikası öz ərazi bütövlüyünü təmin etmək üçün kifayət qədər qətiyyətli və əzmkardır və bu yolda heç bir kompromisə getməyəcək”.



Qabil Hüseynli bildirdi ki, Dağlıq Qarabağ münaqişəsi Fransanın dövlət maraqları içərisində yer alır:

“Fransa Minsk Qrupunun həmsədridir. Postsovet məkanında yalnız bir münaqişə üzrə ATƏT çərçivəsində xüsusi qrup yaradılıb, o da Dağlıq Qarabağ münaqişəsidir. Sözsüz ki, Dağlıq Qarabağ münaqişəsi Fransanın dövlət maraqları içərisində önəmli yerə sahibdir. Lakin burada başqa bir sual ortaya çıxır: Fransa bu məsələdə beynəlxalq hüququn norma və prinsiplərinə nə dərəcədə sadiqdir və prinsipial məqamlarda obyektiv mövqe nümayiş etdirirmi? Bax, bu məsələlər ətrafında Azərbaycanən diqqətli olması lazımdır”.

Qabil Hüseynli Sarkisyanın Moskva ilə Paris arasında emissar rolu oynadığını da vurğuladı:

“Sarkisyan Parisə getməzdən əvvəl Moskvaya səfər etmişdi. Parisdən qayıtdıqdan sonra yenidən Moskvaya yollandı. Faktiki olaraq bir emissar kimi Parisin və Kremlin sözlərini bir-birinə çatdırır. Sözsüz ki, Dağlıq Qarabağ münaqişəsinin həllində prinsipial məsələlərlə bağlı Fransa ilə Rusiya arasında müəyyən işbirliyi mövcuddur. Bu işbirliyini həyata keçirmək üçün Sarkisyan xeyli fəallaşıb. Hesab edirəm ki, Azərbaycan Prezidenti də Moskvaya səfər edə bilər”.

Politoloq Mübariz Əhmədoğlu isə Fransa-Azərbaycan münasibətlərini tamamilə fərqli formada şərh etdi. O bildirdi ki, Olland prezident seçildikdən sonra Azərbaycanla Fransa arasındakı münasibətlər xeyli inkişaf edib. Politoloq hətta bugünkü Fransanı Azərbaycanpərəst bir ölkə kimi xarakterizə edib:



“Çox gümün ki, İlham Əliyevlə Fransua Olland arasında sonuncu görüşlər baş tutdu. May ayında Ollandın prezidentlik müddəti başa çatır və onun seçkilərdə yenidən namizəd olacağı gözlənilmir. Belə başa düşürəm ki, Olland Azərbaycan və Ermənistan prezidentlərini görüşdürmək istəyir. Olland etiraf edir ki, Fransa danışıqların davam etdirilməsinə çalışır, lakin o, digər həmsədrlərdən də bu məsələdə dəstək gözlədiklərini müxtəlif formalarda ifadə edib. Ermənistan bu gün danışıqlardan qaçır. Fransua Olland ABŞ və Rusiyaya səslənir ki, prezidentlərin görüşü üçün Sarkisyana təsir göstərsinlər. Ollandın dediyi “status-kvo qəbul edilməzdir” fikri, hesab edirəm, Emrənistan üçün soyuq duş oldu. Olland həmçinin bildirdi ki, parametrlər bəllidir. Bu, o deməkdir ki, münaqişənin tənzimlənməsi prosesində qəbul olunmuş sənədlər icra olunmalıdır. Masanın üzərindəki tənzimlənmə variantları Ermənistanı qane etmədiyi üçün rəsmi İrəvan danışıqlardan qaçır və təxribatlara əl atır. Ümumiyyətlə, Ollandın bütöv hakimiyyəti dövründə Fransa-Azərbaycan münasibətləri yeni bir inkişaf mərhələsinə qədəm qoydu. Burada ölkəmizin birinci xanımı Mehriban Əliyevanın da mühüm rolu vardır. Olland prezident seçildikdən sonra Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupunun Azərbaycan tərəfdən rəhbəri Mehriban Əliyeva idi. Hazırda Fransanı Azərbaycanpərəst ölkə hesab etmək olar”.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 5414