Sarkisyanın baş nazir arzusu və “seçki fırıldağı”


20:16     31 Mart 2017 image-20170329-8553-2fpnyh.jpg

İki gündən sonra Ermənistanda olduqca mühüm əhəmiyyət kəsb edən parlament seçkiləri keçiriləcək. Bu, 2015-ci ilin dekabrın 8-də baş tutan və parlamentli respublikaya keçidi rəsmiləşdirmiş ümumxalq referendumundan sonrakı ilk seçkilərdir.


Hakim Respublikaçılar Partiyası ilə yanaşı, seçkilərdə 5 partiya və 3 blok mübarizə aparacaq. Partiyaların parlamentə daxil olması üçün 5 faizlik keçid bariyeri müəyyən olunub. Bloklar üçün isə bu rəqəm 7 faiz təşkil edir.

Proporsional qaydada keçiriləcək seçkilərin ardından Ermənistanda yeni bir siyasi sistemin əsası qoyulacaq. Belə ki, prezident postu formal bir xüsusiyyətə sahib olacaq və prezidentin əsas səlahiyyətləri baş nazirə həvalə olunacaq. Baş nazir isə seçkilərdə qələbə qazanmış partiya, yaxud blokun sıralarından təyin olunacaq.

İlk baxışdan elə bir təəssürat yaranır ki, guya Ermənistanda hakimiyyət bir şəxsin əlindən alınıb müxtəlif qollara bölünür, parlament institutu möhkəmləndirilir və s. Əslində isə parlamentin səlahiyyətlərinin artırılması ilə müşayiət olunan bu dəyişiklik beynəlxalq aləmin gözünə pərdə asmaqdan başqa bir şey deyil.

Həm ölkə daxilindəki müxalif qüvvələr, həm də dünya səviyyəli bəzi beyin mərkəzləri Ermənistanda formalaşdırılan yeni siyasi sistemi Sarkisyanın məkrli niyyətlərinə əsaslandırıldığı qənaətindədirlər.

Məlum olduğu kimi, hazırkı prezident Serj Sarkisyanın ikinci və sonuncu prezidentlik dövrü 2018-ci ilin martında başa çatır. Onun növbəti illərdə ölkəni idarə edə bilməsi üçün konstitusiyaya müvafiq düzəlişlərin edilməsi labüd idi. Əsas düzəliş isə ölkədə idarəçiliyin prezidentdən alınıb parlamentə verilməsi və avtomatik olaraq baş nazir postunun gücləndirilməsidir. Sarkisyanın isə bu posta göz dikdiyi istisna deyil.

Təsadüfi deyil ki, Londonda yerləşən “İHS Markit” adlı beyin mərkəzinin baş elmi işçisi Lilit Gevorgyan hazırladığı hesabatda bildirmişdi ki, Ermənistanda konstitusiyaya edilən dəyişiklik hakim Respublikaçılar Partiyasının iqtidarda daha uzun müddət qalmasını təmin etmək üçün keçirilib. Onun fikrincə, 2 aprel tarixində baş tutacaq seçkilər də əslində bu oyunun davamı olacaq və nəticə etibarilə, əvvəlki kimi ölkə yenə də bu partiyanın idarəçiliyi altında olacaq. Gevorgyan bildirir ki, Ermənistandakı siyasi sistemin dəyişməsi respublikaçıların biznes maraqlarının və Sarkisyanın kreslo niyyətindən başqa heç bir məqsədə xidmət etmir.

Göründüyü kimi, bütün siyasi gedişlər Sarkisyanın ölkəni növbəti mərhələdə idarə etməsinə hesablanıb. Bu baxımdan, hesab etmək olar ki, gələn ilin martında Sarkisyanın vəzifədən gedəcəyini düşünmək sadəcə olaraq sadəlövhlük olardı. Dəyişən isə sadəcə olaraq vəzifələrdir. Əvvəlcə prezident Sarkisyan idisə, gələn ildən baş nazir Sarkisyan olacaq. Ermənistanın dünyaya göstərmək istədiyi demokratiya modeli məhz budur...

Bu arada, seçkilərin ərəfəsində beynəlxalq qurumlar da rəsmi İrəvanı narahat edəcək bir sıra bəyanatlar yayıb. Bundan əvvəlki seçkilərdə bir neçə dəfə saxta yollarla nəticələri öz xeyirinə dəyişdirmiş Sarkisyan rejiminin bu dəfə də eyni yola ət atacağı beynəlxalq arenada böyük narahatlıq yaradıb. Təsadüfi deyil ki, ATƏT-in müşahidəçiləri seçkilərin saxtalaşdırılacağı ehtimalının yüksək olması ilə bağlı bəyanat səsləndirib.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 3023