Rusiya və Azərbaycanı milyonlarla insanın taleyi bağlayır - XİN


15:43     04 Aprel 2017 rusiya%20xin.jpg

Rusiya Xarici İşlər Nazirliyi Azərbaycan və Rusiya arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə bəyanat yayıb.


Femida.az APA-ya istinadən verdiyi məlumata görə, bəyanatda aprelin 4-də iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinin tamam olduğu vurğulanıb: “Rusiya və Azərbaycanı əsrlik dostluq ənənələri, ümumi tarix və mədəniyyət, milyonlarla insanın taleyi bağlayır. Ötən bir əsrin dörddə biri müddətində biz, bu qiymətsiz irsi qoruyub saxlamağa, münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə çıxartmağa nail olmuşuq. Rusiya ilə Azərbaycan arasında siyasi dialoq yüksək intensivliyi ilə xarakterizə olunur. Regionlar, parlamentlər, nazirliklər və dövlət başçıları arasında isti, qeyri-formal, güvənli və istisnasız aktiv təmaslar saxlanılır. İqtisadi və hərbi-texniki əməkdaşlıq üzrə hökumətlərarası komissiya məhsuldar işləyir. Dövlətlərarası, hökumətlərarası və regionlararası sazişlərin mükəmməlləşdirilməsi və genişləndirilməsi ilə bağlı aktiv iş aparılır”.

Bəyanatda qeyd olunur ki, bir çox aktual beynəlxalq problemlərə eyni baxışlarla yanaşan Rusiya və Azərbaycan dünya arenasında da effektli şəkildə bir-birini dəstəkləyir: “Xoşagəlməz beynəlxalq konyuktura baxmayaraq, son illər ikitərəfli ticarət-iqtisadi fəaliyyət və investisiya əməkdaşlığı dayanıqlı inkişaf edib. Azərbaycan bazarında 600-dən çox birgə müəssisə, o cümlədən 200-ə yaxın 100 faizlik Rusiya kapitallı şirkət fəaliyyət göstərir. Hal-hazırda Azərbaycandakı Rusiya investisiyasının dəyəri təxminən 1,4 milyard ABŞ dolları təşkil edir. Rusiya və Azərbaycan arasında əməkdaşlığın prioritet sahələrindən biri də humanitar sahədir. Rusiyada 15 minə yaxın Azərbaycan vətəndaşı təhsil alır. 2010-cu ildən Azərbaycanda Lomonosov adına Moskva Dövlət Universitetinin filialı fəaliyyət göstərir. 2015-ci ildən isə İ. Seçenov adına Moskva Dövlət Birinci Tibb Universitetinin Bakı filialı fəaliyyət göstərməyə başlayıb. 25 il ərzində ölkələrimizin əldə etdikləri önəmli nailiyyətlər Rusiya-Azərbaycan münasibətlərinin gələcək inkişafının xalqlarımızın köklü maraqlarının reallaşdırılmasına, iki ölkənin beynəlxalq nüfuzunun möhkəmlənməsinə yardım edəcəyinə nikbinlik və əminlik yaradır. Bu, Cənubi Qafqazda və ondan kənarda sülhün və qarşılıqlı anlaşmanın dəstəklənməsinə birgə töhfə olacaq”.

Femida.az

Açar sözlər:

Oxunub: 1096