Poçtdan göndərilən məktubları kim açır? – Ucarda məktub qalmaqalı


16:58     12 Aprel 2017 mektub.jpg

Bir neçə Ucar rayon sakini tərəfindən Femida.az -a müraciət daxil olub. Rayon sakinlərinin iddialarına görə, dövlət idarələrinə göndərdikləri məktublar Ucar rayonu Mərkəzi Poçt Şöbəsinin rəhbərliyi tərəfindən açılır və məktublar oxunur.


Ucar rayonu, Bağman kənd sakini Elşən Kərimov iddia edir ki, onun bir neçə dövlət idarəsinə göndərdiyi məktublar açılıb.

“ Bir ay bundan əvvəl Ucar rayon mərkəzi poçtundan məktub göndərdim. İki gün sonra Ucar Rayon Mərkəzi Xəstəxanasının baş həkimi məni yanına çağırdı. Onun çağırışına getmədim. Şübhələndim ki, məktubum Səhiyyə Nazirliyinə çatmayıbsa, baş həkim haradan xəbər tutub? Sonradan maraqlandım ki, Ucardan gedən şikayət məktubları poçtun rəisi tərəfindən oxunur.”

Məktubun oxunulduğunu iddia edən digər Ucar rayon sakini isə Abbas Cəbrayılovdur. Onun sözlərinə görə, bir neçə gün əvvəl onun bir neçə idarəyə
göndərdiyi məktub açılıb və mətni dəyişdirilib.






“ Ucar rayonunda yaşayıram. Bir neçə gün əvvəl Ucar rayon poçtundan məktub yola salmaq istəyərkən mənim şəxsiyyət vəsiqəmi aldılar və bir gün özlərində saxladılar. Mənimlə eyni vaxtda məktub yola salan adamlardan isə vəsiqə tələb olunmurdu. Sonradan xəbərim oldu ki, Kənd Təsərrüfatı Nazirliyinə və digər dövlət qurumlarına yazdığım məktubların mətni dəyişdirilib. Şikayətin əvəzinə təşəkkürnamə yazılıb.
Mənim şikayətim Ucarın Baytarlıq İdarəsinin müdiri Xaləddin müəllimdən idi.Onun
işçisi mənim boğaz inəyimə vurduğu səhv iynədən sonra inəyim tələf oldu.Ona
görə aidiyyatı qurumlardan tələb edirdim ki, bununla bağlı araşdırma aparsınlar.
Amma yazdığım məktub ünvanına çatmadı. Baytarlığın müdiri isə mənə dedi ki,
görürsən, yazdığın məktubların xeyiri yoxdur.”


Femida.azrayon sakinlərinin iddiaları ilə bağlı Ucar Rayonu Mərkəzi Poçt Şöbəsinin rəisi Natiq Məmmədovla əlaqə saxlayıb. Rəis bütün iddiaları rədd etdiyini və ona qarşı ləkələmə kampaniyasının aparıldığını bildirdi:





“ Bu məsələni bayaq eşitdim. Özüm də dəhşətə gəldim. Bütün məktublar elektron qaydada qeydiyyata alınır və yola salınır. Onu necə açıb oxumaq olar?! Bir neçə gün bundan əvvəl Seymur adlı vətəndaş gəlib bura. İcazəsiz bir neçə şəkillər də çəkib. Bütün bunlar şantaj və böhtandır. Buna başımla cavadehəm. Əgər belə bir hal sübut olunarsa, həbsdə yatmağa hazıram. Tam əmin olun ki, bu qarayaxmaqdan başqa heç
nə deyil.”


Natiq Məmmədov mətbuatda onun əvvəlki vəzifələrdən xidməti uyğunsuzluğa görə çıxarılması xəbərlərinə də münasibət bildirib:

“ Mətbuatda yazırlar ki, məni xidməti uyğunsuzluğa görə əvvəkli işlərdən çıxarıblar. Bütün bunlar ağ yalandır. Mən əksinə yüksək vəzifəyə göndərilmişəm. Pis işləsəm, mənə vəzifə verərlər? Əlbəttə yox.”

Xatırladaq ki, Natiq Məmmədov bundan əvvəl Evlər İdarəsində müdir, sonra Ucar Qaz İdarəsində müdir, Ucar rayon Əhalinin Sosial Müdafiə Mərkəzində, Yevlax rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində müdir müavini vəzifəsində işləyib.



Miri Məcidli
Femida.az



Açar sözlər:

Oxunub: 3697