Məsuliyyətsiz ustaların nəzərinə - 5 ilədək həbs oluna bilərsiniz


18:55     18 Dekabr 2017 50430.jpg

Femida.az vətəndaşlara hüquqi yardım layihəsini davam etdirir.

Bu dəfəki mövzu avtomobil təmiri ilə məşğul olan ustalar və onların məsuliyyəti barədədir. Çoxları zənn edir ki, maşını təmir edib, sahibinə qaytaran usta bununla da işini bitmiş hesab edir. Əslində bu belə deyil. Maşını təmir edən usta onun keyfiyyətinə görə də məsuliyyət daşıyır.


Vəkil Asif Abdullayev Femida.az-a açıqlamasında qeyd edib ki, qanunvericiliyə əsasən, digər xidmət sahələri ilə yanaşı, avtomobil təmirini həyata keçirən ustalar da, öz vəzifələrini keyfiyyətlə və vicdanla yerinə yetirməyə borcludurlar. Avtomobilin keyfiyyətsiz təmiri isə gələcəkdə xəsarətlə və ya ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinə səbəb ola bilər.






Bəs, avtomobili keyfiyyətsiz təmir edən usta hansı məsuliyyətə cəlb oluna bilər?

Vəkil qeyd edir ki, keyfiyyətsiz təmir nəticəsində avtomobil qəza törədərsə, onu təmir etmiş usta cinayət məsuliyyətinə cəlb ediləcək. Cəzanın ağırlığı, hadisə nəticəsində vurulmuş xəsarətin dərəcəsindən və ya ölümdən asılıdır.

“Cinayət məcəlləsinin 265-ci maddəsinə əsasən, nəqliyyat vasitələrinin və ya nəqliyyat avadanlıqlarının keyfiyyətsiz təmir edilməsi, habelə nəqliyyat vasitələrinin texniki vəziyyətinə cavabdeh olan şəxs tərəfindən texniki cəhətdən nasaz nəqliyyat vasitələrinin istismara buraxılması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri ilə və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Eyni hərəkətlər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda—
beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Bu əməllər ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda—
üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”



Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 3027