Milli Qəhrəmanın adını daşıyan park işbazlara satılır? (FOTO + VİDEO)


20:43     16 May 2017 qazi17.JPG

Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində Azərbaycanın Milli Qəhrəmanı, şəhid Cavanşir Rəhimovun adını daşıyan parkın ərazisinə işbazların göz tikməsi barədə məlumat yayılıb.

Məlumatda deyilir ki, abadlıq adı ilə parkın bir hissəsini yaşayış binası və şadlıq sarayı tikilməsi üçün satmaq istəyirlər. Femida.az xəbər verir ki, Qazilər.az saytının əməkdaşı Milli Qəhrəmanımızın adını daşıyan parkda olub. O, ərazi dəmir hasara alındığını, şəhid qəhrəmanımızın abidəsinin isə uçub dağıldığının şahidi olub. Bəzi ağaclar quruyub qırılmış haldadır. Hətta parkda at otladığını da görüb və bütün bunları lentə alıb.


2-ci qrup Qarabağ əlili Rövşən Mirzəyev parkın baxımsız vəziyyətdə olduğunu, sakinlərin bundan çox narahat olduğunu deyib.

Şəhid Milli Qəhrəmanın anası Lalə Rəhimova parkın satılması ilə bağlı məlumatsız olduğunu desə də ərazinin hazırkı durumundan narazı olduğunu söylədi. O, bildirdi ki, parkın baxımsız qalması, abidənin uçub dağılmasından narahat olduğu üçün dəfələrlə müvafiq qurumlara müraciət edib. Amma hələ də konkret nəticə yoxdur: “Mən şəxsən Suraxanı rayon icra hakimiyyətinin başçısı İlqar Abbasovun qəbulunda olmuşam. Parkın baxımsız, abidənin isə uçub dağılmasını ona demişəm. Mənə söz veriblər ki, park abadlaşdırılacaq, abidə də təmir olunacaq. Amma düz beş ildir ki, konkret nəticə yoxdur. O günü bizim küçəni asfaltlayanda başçının müavini Etibar müəllimi gördüm. Dedi, park düzələcək. Amma ta inanmıram! Gör neçə ildir belə bərbad vəziyyətdir”



Mövzu ilə bağlı dəfələrlə Suraxanı rayon icra hakimiyyəti rəsmiləri ilə əlaqə saxlamaq istəsək də telefon zənglərimiz cavab verən olmadı. Onların da mövqeyini verməyə hazırıq.

Rəhimov Cavanşir İzzət oğlu 5 iyun 1973-cü ildə Qax rayonunun Qaşqaçay kəndində dünyaya göz açıb. Hələ körpəykən ailələri Bakının Qaraçuxur qəsəbəsinə köçüb. Cavanşir buradakı Suraxanı rayonu 104 saylı orta məktəbə gedib, səkkizinci sinfi bitirdikdən sonra isə texniki-peşə məktəbində təhsilini davam etdirib. O, qısa müddət ərzində karate idman növünü öyrənmiş və idman ustası normativini ödəmişdi. 1992-ci ildə Cavanşir hərbi xidmətə çağırılır, onun taleyinə Hərbi Hava Qüvvələrində xidmət etmək düşür. Bir müddət təlim keçən Cavanşir Rəhimov bort-atıcı peşəsinə yiyələnmişdi. Könüllü olaraq müharibəyə getmək istədiyini bildirəndə onu baş leytenant Ruslan Polovinkonun komandiri olduğu Mi-24 vertolyotuna bort-atıcı təyin edirlər.



6 avqust 1992-ci ildə Kasapet yüksəkliyindəki döyüşçüləri xilas etmək üçün havaya qalxan hərbi vertolyot üç dəfə uçuş edərək yerdəki erməni mövqelərini atəşə tutdu və buradakı erməni bölüyünü məhv etdi. Dördüncü uçuş zamanı Cavanşir artıq yaralı olsa da, uçuşa hazır olduğunu bildirir və yenidən havaya qalxan vertolyot Kasapet istiqamətində güclü raket atəşinə tutularaq vurulur. Bu zaman zərbənin gücündən Cavanşir yaxınlıqdakı taxıl zəmisinə düşür. Bir aydan sonra mal-qara otaran çoban Cavanşirin meyitinə rast gəlir və yaxınlıqdakı hərbi hissəyə bildirir. 1992-ci il sentyabr ayının 9-da Müdafiə Nazirliyinin işçiləri və Cavanşirin atasının iştirakı ilə dəfn edilir. Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı ilə Rəhimov Cavanşir İzzət oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir. Suraxanı rayonundakı 146 saylı orta məktəb qəhrəmanımızın adını daşıyır.




Açar sözlər:

Oxunub: 3006