Oqtay Əsədov baş nazirin müavini ilə görüşüb


21:40     30 May 2017 oqtay-esedov.jpg

Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti Riqaya rəsmi səfər çərçivəsində bu ölkənin baş nazirinin müavini, iqtisadiyyat naziri Arvils Aşeradenslə görüşüb.


MM-dən Femida.az-a verilən məlumata görə, Azərbaycan nümayəndə heyətini salamlayan baş nazirin müavini 28 May – Respublika Günü münasibətilə təbriklərini çatdırıb. O, ölkələr arasında ikitərəfli əlaqələrin yüksək səviyyəsindən məmnunluğunu bildirib, iqtisadi əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıb.

O. Əsədov qeyd edib ki, Azərbaycan və Latviya aralarındakı münasibətlər qarşılıqlı hörmətə və bərabərhüquqlu əməkdaşlığa əsaslanıb. O, diqqətə çatdırıb ki, Azərbaycan böyük potensialı olan qeyri-neft sektoruna investisiyaların cəlb edilməsinə və latviyalı investorların fəallığına ümid bəsləyir. A. Aşeradens isə vurğulayıb ki, prezident İlham Əliyevin Latviyaya gözlənilən səfəri Latviya ilə Azərbaycan arasında əməkdaşlığın möhkəmləndirilməsinə mühüm təkan verəcək. Azərbaycanın Avropanın etibarlı iqtisadi tərəfdaşına çevrildiyini diqqətə çatdıran O. Əsədov ölkənin iqtisadi potensialı, əldə etdiyi uğurlar və reallaşdırdığı infrastruktur layihələri barədə danışıb.

Qeyd edək ki, Latviya Respublikasına səfər zamanı keçirilən tədbirlərdə nümayəndə heyətinin üzvləri - deputatlar Kamran Bayramov, Ülviyyə Ağayeva, Rövşən Rzayev, Malik Həsənov, parlament aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər iştirak edirlər.

Femida.az

Açar sözlər:

Oxunub: 804