Dilqəm Əsgərov məktublara cavab yazmır


21:26     24 İyun 2017 dilqem-mektub_1498309685.jpg

Kəlbəcərdə erməni işğalçıları tərəfindən girov götürülən Dilqəm Əsgərov ailəsinə məktub yazmaqdan imtina edib.


Bu barədə AzVision.az-a girovun oğlu Kürdoğlu Əsgərov bildirib. Onun sözlərinə görə, D.Əsgərov 4 aydır ailəsinin məktublarına cavab vermir.

“Beynəlxalq Qızıl Xaç Komitəsi girovlara baş çəkib. Təşkilatdan bizə bildirdilər ki, atam məktub yazmaqdan imtina edib. Biz ona məktub yazırıq, amma cavab ala bilmirik. Mart ayından bəri atamdan məktub almamışıq”.

Girovun qardaşı Sahib Musayev isə deyib ki, sonuncu dəfə Dilqəm ona iyun ayında məktub yazıb:

“Beynəlxalq Qızıl Xaç Komitəsindən bildirdilər ki, məktubumu Dilqəmə çatdırıblar, amma məktuba baxmayıb. Bundan əvvəl yazdığımız məktublara da cavab yazmayıb. Dilqəm azadlığı sevən insandır. O, girovluqda qala bilmir. Girov həyatı onu sıxır. Dilqəm azad olmaq istəyir. Bəlkə də o bizdən inciyib, ona görə cavab vermir”.

Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycanvətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.

İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz “məhkəmə” qurublar. “Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 1611