Gəncədə insan alveri ilə bağlı tədbir keçirilib


22:15     29 İyul 2017 gence1-13.jpg

Gəncə şəhərində BMT-nin Miqrasiya Təşkilatı (BMqT) tərəfindən İnsan Alverinə Qarşı Dünya Mübarizə Günü ilə əlaqədar tədbir keçirilib. Tədbir Daxili İşlər Nazirliyinin təşkilati dəstəyi, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) və ABŞ Dövlət Departamentinin maliyyə dəstəyi ilə təşkil olunub.


DİN-in mətbuat xidmətindən Femida.az -a verilən məlumata görə, “Azərbaycanda insan alverinə qarşı mübarizə üzrə potensialların artırılması” layihəsi çərçivəsində keçirilən tədbirdə Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis polkovniki Heydər Heydərov, BMqT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Serhan Aktoprak, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının hüquq şöbəsinin müdiri Xaqani Əbdüləzimov, USAID-in Azərbaycan nümayəndəliyinin icraçı direktoru Rendol Olson, aidiyyəti dövlət və qeyri-dövlət qurumlarının, diplomatik nümayəndəliklərin, beynəlxalq təşkilatların və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak edib.

Tədbirdə çıxış edən BMqT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Serhan Aktoprak miqrantların hüquqlarının müdafiəsinin təmin olunması sahəsində Dövlət Miqrasiya Xidməti ilə sıx əməkdaşlıq etdiklərini bildirib. İnsan həyatının xilas olunmasının önəmindən danışan S. Aktoprak bu sahədə vətəndaş cəmiyyətini daha fəal olmağa səsləyib.

Gəncə Şəhər İH başçısının hüquq şöbəsinin müdiri Xaqani Əbdüləzimov insan alveri və qanunsuz miqrasiya ilə bağlı əməkdaşlıq etməyin vacibliyini vurğulayıb, Gəncədə həmin sahədə görülən işlərdən danışıb.

Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis polkovniki Heydər Heydərov görülən tədbirlər nəticəsində insan alverindən əziyyət çəkənlərin ilbəil azaldığını vurğulayıb.

USAID-in Azərbaycan nümayəndəliyinin icraçı direktoru Rendol Olson əməkdaşlığın əhəmiyyətini vurğulayaraq yalnız bu yolla insan alverinin qarşısını almağın mümkün ola biləcəyini deyib.

Plenar iclas şəklində davam edən tədbirdə Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi ilə BMqT-nin Azərbaycandakı nümayəndəliyi arasında birgə bəyannamə imzalanıb.

Açar sözlər:

Oxunub: 970