Qızıl və gümüş medal alan məktəb məzunları


20:21     09 Avqust 2017 1502177599282169546_1000x669.jpg

2016-2017-ci tədris ilinin yekunlarına görə, Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərinin 48 399 məzununa təhsil sənədləri (attestat) verilib.


Təhsil İdarəsindən Femida.az-a bildirilib ki, IX siniflər üzrə məktəbi orta göstəricilərlə bitirən 26 500 məzuna ümumi orta təhsil haqqında attestat, xüsusi nailiyyətlərlə başa vuran 549 məzuna ümumi orta təhsil üzrə fərqlənmə attestatı təqdim edilib.

Nəticələrə əsasən, məktəblərin XI siniflərini orta göstəricilərlə bitirən 20 500 məzunu tam orta təhsil haqqında attestata, xüsusi nailiyyətlərlə başa vuran 850 məzunu tam orta təhsil üzrə fərqlənmə attestatına, 25 nəfər məzunu Qızıl medal və xüsusi nümunəli attestata, 3 nəfər məzunu Gümüş medal və xüsusi nümunəli attestata layiq görülüb.

IX siniflər üzrə adi və fərqlənmə attestatlarının verilməsi yekunlaşıb. XI siniflər üzrə adi attestatların verilməsi başa çatıb. Fərqlənmə attestatlarının və qızıl, gümüş medallarla yanaşı, xüsusi nümunəli attestatların verilməsi prosesi isə yekunlaşmaq üzrədir.

Qeyd edək ki, bu il edilən yeniliklərə əsasən, IX sinfi başa vuranlara bu il şəhadətnamə deyil, attestat təqdim olunur. Ümumi orta təhsil səviyyəsini xüsusi nailiyyətlərlə bitirən məzunlara fərqlənmə, digər hallarda isə adi attestat verilir. XI sinfi qızıl və ya gümüş medalla təltif olunmaqla başa vuran məzunlara xüsusi nümunəli, əlaçılara fərqlənmə, digər hallarda isə tam orta təhsil haqqında adi attestat verilir.

Femida.az

Açar sözlər:

Oxunub: 1143