Zibili qanunsuz yandıran şəxsə - 500 manat cərimə


15:41     14 Avqust 2017 zibil.jpg

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) “qaynar xətt”inə Sumqayıt şəhərinin bir qrup sakini tərəfindən Sumqayıt şəhər məişət tullantısı poliqonunda tullantıların yandırılması ilə bağlı şikayət daxil olub.


ETSN-nin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, şikayət nazirliyin yerli qurumunun əməkdaşları tərəfindən yerində araşdırılıb.

Araşdırma zamanı sözügedən poliqonda tullantıların yandırılması faktı aşkar edilib. Faktla bağlı poliqona cavabdeh olan fiziki şəxs Seymur Abbasov barəsində protokol tərtib olunub və o, inzibati qaydada 500 manat məbləğində cərimələnib. Baş vermiş qanun pozuntusunun təcili aradan qaldırılması üçün ona icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.

Eyni zamanda, poliqonda məişət tullantılarının zərərsizləşdirilməsi istiqamətində zəruri tədbirlərin həyata keçirilməsi üçün Sumqayıt şəhər İcra Hakimiyyətinə müraciət olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 1485