“Rusiyanın hüquq sistemindən çox bəhrələnmişik” – Fərhad Mehdiyev


18:15     28 Avqust 2017 femida52.jpg

“Dünyada əsasən iki hüquq sistemi var: Roma-alman hüquq sistemi və Anqlo-sakson hüquq sistemi. Bunlardan başqa, ayrı-ayrı ölkələrdə tətbiq olunan şəriət, sosialist hüquq sistemləri də mövcuddur. Roma-Alman hüquq sisteminə kontinental hüquq sistemi də deyilir. İngilislər buna “civil law”, yəni mülki hüquq sistemi də deyirlər”.


Bunu Femida.az-a açıqlamasında beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev deyib.

O bildirib ki, bu sistemlərin özünəməxsus xüsusiyyətləri vardır:

“Məsələn “andlılar məhkəməsi” Anqlo-sakson hüquq sisteminin məhsuludur. Roma-alman hüquq sisteminin özünəməxsusluğu ondadır ki, hansısa bir məsələni həll etmək üçün mütləq qanun olmalıdır. Bu hüquq sisteminin tələbinə görə, əgər ortada qanun yoxdursa, vətəndaş həmin işi etməkdə sərbəstdir. Yəni bir növ, hər şeyi qanun tənzimləməlidir. Anqlo-sakson hüquq sistemində isə bu mexanizm fərqlidir. Əgər dövlət hansısa bir məsələ ilə bağlı qanun qəbul etməyibsə, məhkəmə məsələni bu və ya digər formada tənzimləyə bilir”.

Hüquqşünasın fikrincə, Azərbaycan özünün hüquq sistemini yaradarkən ən çox Rusiyanın hüquq sistemindən bəhrələnib:

“Azərbaycanda isə Roma-Alman hüquq sistemi tətbiq edilir. Biz ən çox Rusiyanın hüquq sistemindən bəhrələnmişik. Rusiyada da Roma-alman hüquq sistemidir. Heç bir dövlət qanunları sıfırdan yaratmır. Bu mənada, Azərbaycan öz hüquq sistemini yaradarkən Rusiyadan yararlanıb. Bu da həmin dövrdə Azərbaycanın müvafiq qurumlarında çalışan şəxslərin bildikləri xarici dilin rus dili olmasından qaynaqlanır. Onlar alman dilini bilsəydilər, Almaniya qanunlarından bəhrələnərdilər. Məsələn, Rusiya özünün mülki məcəlləsini hazırlayanda almanlardan çox bəhrələnib. Onu da qeyd edim ki, Azərbaycan Roma-alman hüquq sistemini tamlıqla həyata keçirmir”.



Fərhad Mehdiyev müqayisəli hüquq sisteminə də toxundu:

“Müqayisəli hüquq digər dövlətlərin milli hüquqlarıdır. Bir ölkədə hansısa sahə qanunla tənzimlənməyibsə, yaxud da hansısa qanunda boşluq olarsa, o zaman müqayisəli hüquqa müraciət edilir. Yəni baxılır ki, xarici ölkələrin qanunvericiliklərində bu məsələ necə tənzimlənir. Azərbaycan da dəfələrlə müqayisəli hüquqa müraciət edib. Məsələn, Konstitusiya Məhkəməsinin qərarlarında bunu görə bilərik. Mən özüm Konstitusiya Məhkəməsinin iclasında iştirak edərkən demişəm ki, inzibati xətalar Avropa sistemində xırda cinayətlər sayılır. Ümumilikdə müqayisəli hüquqa müraciət legitimdir, çünki bunu etmək rasionaldır”.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 4036