Restoranda aldadıldığını düşünən müştəri nə etməlidir?


15:27     27 Sentyabr 2017 Customer-Service-Body-Language.jpg

"İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Qanunun 13-cü maddəsinin 1-ci bəndinə əsasən, satıcı (icraçı) istehlakçını maraqlandıran malın (işin, xidmətin) qiyməti barəsində istehlakçıya zəruri və düzgün məlumat verməlidir.


Deməli, restorana gələn istehlakçı ona təqdim edilən menyuda qiymətlərin göstərilmədiyi ilə rastlaşdıqda göstəriləcək xidmətin qiyməti barədə ona məlumat verilməsini tələb etmək hüququna malikdir.

İnzibati Xətalar Məcəlləsinin 231-1-ci maddəsinə əsasən, satılan mal (iş, xidmət) barəsində qanunla müəyyən edilmiş zəruri məlumatın istehlakçıya verilməməsinə görə vəzifəli şəxslər iki yüz manat miqdarında, hüquqi şəxslər dörd yüz manat miqdarında cərimə edilirlər. Onu da qeyd edək ki, həmin Məcəlləyə əsasən, bu maddədə nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi baxır.

Daha dəqiq desək, istehlakçı ona göstəriləcək xidmət barəsində zəruri məlumatlar verilmədikdə Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə şikayətlə müraciət edə bilər. Əgər istehlakçı ona göstəriləcək xidmətin qiyməti barədə əvvəlcədən məlumat tələb etmir lakin sonradan hesab edir ki, təqdim edilən hesabda ona göstərilmiş xidmətin dəyəri açıq aydın şişirdilmişdir, o, yenə də Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə şikayət ərizəsilə müraciət edə bilər.

Belə ki, "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Qanunun 19.2.12-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının və qanuni maraqlarının qorunması funksiyalarını yerinə yetirən müvafiq icra hakimiyyəti orqanı satıcılar tərəfindən çəkidə, qiymətdə, hesablaşmalarda aldadılması, mallar barədə yalan məlumatlar verilməsi, satış şərtlərinin pozulması barədə alıcıların müraciətlərinə baxır və şikayətlərini araşdırır, onların nəticələri üzrə müvafiq tədbirlər görür.

Həmçinin İnzibati Xətalar Məcəlləsinin 231-ci maddəsinə əsasən, mal satan və ya əhaliyə xidmət göstərən təşkilatlarda, həmçinin ticarət (xidmət) sahəsində fərdi sahibkar kimi qeydə alınmış şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyəti və ya keyfiyyətinə dair istehlakçıların aldadılmasına görə, bu az miqdarda olduqda fiziki şəxslər altı yüz manat miqdarında, vəzifəli şəxslər min manat miqdarında, hüquqi şəxslər üç min manat miqdarında cərimə edilir.

Bu maddədə "az miqdarda olduqda" dedikdə, qırx manatadək olan məbləğ başa düşülür.
Qeyd edək ki, aldatma az miqdardan artıq olduqda, mal satan və ya əhaliyə xidmət göstərən təşkilat, həmçinin ticarət (xidmət) sahəsində fərdi sahibkar qismində qeydə alınmış fiziki şəxslər artıq Cinayət Məcəlləsinin 200-cü maddəsilə (İstehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma) cinayət məsuliyyətinə cəlb ediləcəklər.

Həmçinin "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Qanunun 3-cü, 12-ci və 26-cı maddələrinə əsasən, istehlakçı öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün, o cümlədən ona vurulmuş maddi və mənəvi ziyanın ödənilməsini tələb etmək məqsədilə məhkəməyə müraciət edə bilər.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 3141