Qarabağa səfər edən türkiyəli siyasətçilər həbs edilib Azərbaycana verilə bilər?


14:48     03 Oktyabr 2017 qanunsuz%20sefer.jpg

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, eləcə də Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitələrinin üzvü Vüsal Hüseynov Ermənistan ordusunun işğalı altında olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər etmiş Türkiyə vətəndaşlarının məsuliyyətə cəlb edilməsi və Azərbaycana verilməsi ilə bağlı hüquqi məsələlərə aydınlıq gətirib.


Onun sözlərinə görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 318-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə cinayət hesab edilir və müvafiq məsuliyyət tədbirləri nəzərdə tutulur: "Qanunun bu maddəsi yalnız siyasi sığınacaq hüququndan istifadə etmək məqsədi ilə dövlət sərhədini keçmə qaydalarını pozmaqla ölkəmizə gəlmiş əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərə əgər onun hərəkətlərində başqa cinayət tərkibi yoxdursa, şamil edilmir. Qalan bütün hallarda kimliyindən və vətəndaşlığını daşıdığı ölkədən asılı olmayaraq hər bir şəxs bu halda cinayət məsuliyyətinə cəlb edilir.

Türkiyə vətəndaşları da Azərbaycanın müvafiq orqanının razılığı və sənədləri olmadan ölkəmizin ərazisinə dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, Ermənistan Respublikası ərazisindən qəsdən keçərək Qanunun tələblərini pozmuşdur. Bu səbəbdən, müvafiq olaraq barələrində prokurorluq orqanları tərəfindən qeyd edilən maddə ilə cinayət işi başlanmış və barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilərək beynəlxalq axtarışa verilmişdir. Həmçinin, həmin şəxslərin istintaqa cəlb olunmaları məqsədi ilə Türkiyə hüquq-mühafizə orqanlarına müraciət edilmişdir".

Həmin şəxslərin gələcəkdə Azərbaycana verilməsi ilə bağlı məsələyə gəlincə, millət vəkilinin fikrincə, burada bir sıra hüquqi prosedurlar və qanunların tələblərinə diqqət yetirilməlidir: "Türkiyə Respublikası Konstitusiyasının 38-ci maddəsinin son hissəsinə görə, Beynəlxalq Cinayət Məhkəməsinə üzvlüklə bağlı öhdəliklər istisna olmaqla, Türkiyə vətəndaşı törətdiyi cinayətə görə xarici dövlətə verilə bilməz. Qeyd edilməlidir ki, bizim də Konstitusiyamızın 53-cü və Cinayət Məcəlləmizin 13-cü maddələrinə əsasən xarici dövlətin ərazisində cinayət törətmiş Azərbaycan Respublikasının vətəndaşları heç bir halda xarici dövlətə verilə bilməz.



Türkiyə qanunvericiliyinə əsasən, cinayət törətmiş şəxslərin verilməsi üçün şərt şəxsin törətdiyi əməlin hər iki dövlətin qanunvericiliyi tərəfindən cinayət hesab olunmasıdır. Həmçinin, Türkiyə qanunvericiliyinə əsasən, xarici ölkənin dövlət sərhədini qanunsuz olaraq keçmək üçün cinayət məsuliyyəti müəyyən edilmir. Lakin bu hal bu şəxslərin hüquqi məsuliyyətdən kənar qalacaqlarını şərtləndirmir. Türkiyədə həmin şəxslər barəsində mənəvi zərərə görə kompensasiya tələbi də daxil olmaqla, digər məsuliyyət tədbirləri görülə bilər. Hər bir halda bütün məqamlar Türkiyə məhkəmələri və ədalət mühakiməsinin həyata keçirilməsində iştirak edən digər orqanlar tərəfindən diqqətə alınacaqdır.

Ekstradisiya (cinayət törərmiş, məhkum edilmiş şəxsin digər dövlətə verilməsi) sahəsində digər mühüm sənəd Avropa Şurasının "Ekstradisiya haqqında" Konvensiyasıdır. Türkiyə və Azərbaycan bu Konvensiyaya tərəfdirlər, lakin bu Konvensiyaya görə, üzv dövlətlərdən birinin digər tərəfə öz vətəndaşını verməmək hüquqi vardır. Həmçinin, bu Konvensiyanın 2-ci maddəsinə görə də, bir şəxsin verilməsi üçün əsas törədilmiş əməlin həm sorğu edən, həm də sorğu edilən tərəfin qanunverciliyi ilə cinayət sayılmasıdır.

Bu ümumi prinsiplərdən baxdıqda bu prosesin hüquqi olaraq həyata keçirilməsində olan məhdudiyyətlər görünür. Həmçinin, bir şəxsin başqa dövlətə verilməsinin məqsədi həmin şəxsin cəzasını vətəndaşı olduğu ölkədə çəkməsidir. Bu halda isə onların verilməsi bu prinsipə əks təşkil edir".

V.Hüseynov qeyd edib ki, həmin şəxslər üçüncü dövlətdə olduğu halda Azərbaycana ekstradisiya oluna bilərlər: "Lakin bu halda da ekstradisiya məsələsinə baxılarkən Türkiyənin rəyi alınmalıdır. Türkiyənin müvafiq dövlət qurumları artıq bu səfərlə bağlı bəyanatlar veriblər".

Qeyd edək ki, sentyabrın 22-də Türkiyə vətəndaşları U.Uras, Ə.Bayramoğlu, S.Çəkinoğlu və E.Katırçıoğlu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan Azərbaycan ərazisi Dağlıq Qarabağa qeyri-qanuni səfər ediblər. Azərbaycan Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İidarəsində Cinayət Məcəlləsinin 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə bu şəxslər barəsində cinayət işi başlanılıb. Onlar Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilərək dövlətlərarası axtarışa verilib. Həmin şəxslərin tutularaq istintaqa cəlb olunmaları məqsədi ilə Türkiyə hüquq-mühafizə orqanlarına müraciət edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 1484