Qubada iqtisadi islahatlar müzakirə edilib


18:18     21 Oktyabr 2017 yoxlama_245878457676767_347867678.jpg

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Qubada “Azərbaycanda iqtisadi islahatlar: nailiyyətlər və perspektivlər” mövzusunda regional ictimai müzakirələr keçirib.


Femida.az-ın məlumatına görə, görüşə Quba, Xaçmaz, Qusar, Şabran və Siyəzəndən olan sahibkarlar, bələdiyyə və ictimaiyyət nümayəndələri qatılıb.

Tədbirdə çıxış edən Prezident Administrasiyasının sektor müdiri Elxan Mikayılov bildirib ki, Azərbaycanda aparılan islahatlar davamlı xarakter daşıyır. O qeyd edib ki, Azərbaycanda islahatlar təkcə qanunvericilik sahəsini əhatə etməyib, vergi, gömrük sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı ciddi tədbirlər görülüb: "Bura tikintiyə icazələrin alınması, kredit bürolarının yaradılması, biznes mühitinin təkmilləşdirilməsi, qanunvericiliyin sadələşdirilməsini əlavə etmək olar”.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı isə bildirib ki, aparılan iqtisadi islahatların Quba-Xaçmaz zonasında turizm, meyvə-tərəvəz, nəqliyyat-loqistika sahələrinin inkişafında rolu olacaq. “Dövlət bir tərəfdən infrastrukturu inkişaf etdirməklə, digər tərəfdən biznes mühitini yaxşılaşdırmaqla, təşviq siyasəti vasitəsilə bölgələrin inkişafını təmin edir".

Müzakirələrdə İqtisadiyyat Nazirliyi, Vergilər Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyinin regional nümayəndələri də iştirak edib.

Açar sözlər:

Oxunub: 994