“Putinlə həll olunmalı heç bir məsələmiz yoxdur” - İlham Əliyev


00:57     03 Noyabr 2017 putin%20ilham%20eliyev.jpg

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiya Şurasının sədrinin müavini, ikitərəfli komissiyanın həmsədri İlyas Umaxanovu və Rusiya Federasiyası Dağıstan Respublikası Xalq Məclisinin sədri Xizri Şixsaidovu qəbul edib.


Femida.az xəbər verir ki, qonaqları salamlayan prezident İlham Əliyev deyib:

“Bizim xalqlarımız arasında mövcud olan sıx əlaqələr bu gün uğurla inkişaf edir. Elə dünən axşam Rusiya Prezidenti Vladimir Vladimiroviç Putinlə növbəti görüşdə biz münasibətlərimizin ikitərəfli gündəliyinə nəzər yetirdikdə aşkar etdik ki, öz həllini tələb edən heç bir məsələ yoxdur. Biz, sadəcə, əldə olunan nailiyyətləri - həm iqtisadi, həm nəqliyyat, həm enerji, həm də siyasi sahələrdə əməkdaşlığımızın nəticələrini yada saldıq və müvafiq qurumlara münasibətlərin gələcək inkişaf yollarını müəyyənləşdirmək üçün göstərişlər verdik. Yəni, bu, artıq elə bir münasibətlər səviyyəsinin göstəricisidir ki, hətta prezidentlər səviyyəsində həllini tələb edən hansısa xüsusi məsələ yoxdur. Bütün məsələlər çox uğurla həll edilir. Əlbəttə, bu gün Rusiya və Azərbaycan mehriban qonşuluq, tərəfdaşlıq və etibarlı dostluğun yüksək səviyyəsini nümayiş etdirirlər. İlyas Maqomedsalamoviç və Xizri İsayeviç, şəxsən sizin rolunuz böyükdür. Mən sizin Rusiya-Azərbaycan münasibətlərinin möhkəmlənməsinə necə səy göstərdiyinizi və töhfə verdiyinizi dərindən bildiyimə görə bunu tamamilə səmimi deyirəm”.

Daha sonra dövlət başçısı İlyas Umaxanov və Xizri Şixsaidova “Dostluq” ordenlərini təqdim edib.

Açar sözlər:

Oxunub: 1786