BP Azərbaycanda 461 min manatlıq layihə həyata keçirəcək


15:25     24 Noyabr 2017 140729122202_bp_logo_624x351_pa6.jpg

BP şirkəti Azərbaycanda kənd təsərrüfatı üzrə peşə təhsilinə dəstək verəcək.


Femida.az-ın məlumatına görə, “Azəri-Çıraq-Günəşli”, “Şahdəniz”, Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri və Cənubi Qafqaz Boru Kəməri layihələrinin əməliyyatçısı olan BP şirkəti həmin layihələrdəki tərəfdaşlarının adından 2016-cı ilin sentyabr ayında Təhsil Nazirliyi ilə tərəfdaşlıq çərçivəsində başlanmış “Kənd təsərrüfatı üzrə peşə təhsili: Yeni ixtisarların yaradılması” layihələrinin elan edib.

Layihənin məqsədi Azərbaycanda kənd təsərrüfatı üzrə peşə təhsilinin gücləndirilməsinə dəstək olmaq və beləliklə də ölkənin kənd təsərrüfatı sektorunda səmərəliliyi artırmaq planlarına töhfə vermək olub.

“British Councill” təşkilatı tərəfindən yerinə yetirilmiş bu layihə nəticəsində 12 təlim modulu üçün dərsliklər, tədris metodologiyası hazırlanıb. Bu sahələr üzrə 3 modul bağçılıq, 5 modul bitkiçilik və 4 modul kənd təsərrüfatı texnikası və aqroxidmətləri əhatə edəcək.

Azərbaycan təhsil nazirinin müavini Ceyhun Bayramov bildirib ki, ölkədə peşə təhsilinə marağı artırmaq və peşə təhsilini inkişaf etdirmək üçün müvafiq anlaşmalar imzalanıb. O bildirib ki, BP şirkətin təhsil sahəsinə yatırdığı iri layihələr insan kapitalına yatırılan vəsaitdir: “BP şirkətinin təhsil sahəsində həyata keçirdiyi layihələr çoxşaxəlidir və Təhsil Nazirliyi üçün belə layihələrin həyata keçirilməsi çox önəmlidir.Adıçəkilən layihə Təhsil Nazirliyi üçün çox vacib layihədir və Qəbələ Təhsil Peşə Mərkəzinə böyük dəstək olacaq”.

Nazir müavini bildirib ki, BP tərəfindən layihə çərçivəsində 12 modul hazırlanıb və 7 modulun hazırlanması nəzərdə tutulub: “Tədris modulun hazırlanmasına “British Council”in cəlb edilməsi çox önəmlidir. Təhsil Nazirliyi peşə təhsilinin marağı cəlb etmək və artırmaq üçün əlindən gələni əsirgəməyəcək. Biz BP və “British Council” şirkətlərinin Azərbaycanda təhsilin, xüsusilə də peşə təhsilinə verdiyi dəstəyi yüksək qiymətləndiririk”.

Tədbirdə çıxış edən BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli layihənin əhəmiyyətindən danışaraq bildirib ki, layihə nəticəsində Azərbaycan Dövlət Aqrar Universitetindən və müxtəlif peşə məktəblərindən olan 40 yerli ekspert və təlimçi üçün modulların hazırlanması və modullu tədris metodları üzrə təlim keçirilib: “Bu insanlar Azərbaycanda müxtəlif məktəblərdə, o cümlədən Təhsil Nazirliyi tərəfindən bu yaxınlarda açılışı edilmiş Qəbələ şəhərindəki peşə məktəbində yeni nəsil mütəxəssislərə dərs keçəcəklər”.

Layihənin müvəffəqiyyətli olmasından həvəslənərək və maliyyə resurslarının düzgün idarə olunması nəticəsində qənaət edilmiş vəsaitlərdən, habelə layihə sponsorlarının ayırdığı əlavə maliyyə vəsaitlərindən istifadə edərək BP və tərəfdaşları tərəvəzçilik (3 modul) və meyvəçilik (4 modul) sahələri üzrə əlavə 7 modul üçün dərsliklər, tədris materialları və təlim metodologiyası hazırlamaq məqsədilə mövcud müqaviləyə düzəliş ediblər.

“Layihənin növbəti mərhələsi 2018-ci ilin iyun ayında tamamlanacaq. Buna görə də 461 min manat təşkil edən yekun büdcə (358 min manat ilkin büdcə və əlavə 103 manat) çərçivəsində 19 modul üçün dərsliklər, tədris materialları və təlim metodologiyası hazırlanacaq. Bütün sahələr üzrə 40 nəfər ekspert və təlimçi yetişdiriləcək", - deyə B.Aslanbəyli əlavə edib.

Vitse-prezident qeyd edib ki, bu gün Azərbaycan regional enerji bazarında öz sözünü deyən mühüm iştirakçıdır: "Azəri-Çıraq-Günəşli, Bakı-Tbilisi-Ceyhan, "Şahdəniz", və Cənub Qaz Dəhlizi kimi layihələr sayəsində ölkəmiz regional enerji mərkəzinə çevrilməkdədir. Arzu edirəm ki, Azərbaycan öz istedadlı mütəxəssislərini regiona ixrac edən insan resursları mərkəzinə çevrilsin və Azərbaycan gəncləri ölkədə və ölkə hüdudlarından kənarda çoxsaylı nailiyyətlərə imza atsın".

Açar sözlər:

Oxunub: 864