Yeni sədr iclas keçirdi


22:33     13 Dekabr 2017 209804586599983373.jpg

Bu gündən Vəkillər Kollegiyasının yeni seçilmiş sədri Anar Bağırov Bakı şəhərindən başlayaraq vəkil qurumlarında görüşlər keçirməyə başlayıb.



Kollegiyadan Femida.az-a verilən məlumata görə, növbəti həftələrdə bütün hüquq məsləhətxanalarında analoji görüşlərin keçirilməsi nəzərdə tutulub.

İlk görüş Bakı şəhəri 1 saylı hüquq məsləhətxanasında keçirilib. Görüşün əsas məqsədi məsləhətxananın vəziyyəti, xüsusilə orada müəyyən olunmuş işlərin aparılması və vəkillərin təyinatı məsələləri ilə tanışlıq, məsləhətxanada işlərin daha səmərəli təşkili ilə bağlı metodiki tövsiyələrin verilməsi və problemlərin öyrənilməsindən ibarət olub.

Həmçinin görüşdə Mülki Prosessual, İnzibati Prosessual məcəllələr, vəkillik haqqında qanunvericiliyə edilmiş son dəyişikliklər ilə bağlı məsələlər, habelə bu dəyişikliklərdən irəli gələrək vəkillərin üzərinə düşən vəzifələrin səmərəli icrası ilə üzrə Anar Bağırovun tövsiyələri dinlənilib. Qeyd olunub ki, 2018-ci il yanvarın 1-dən etibarən məhkəmələrdə yalnız vəkillərin iştirakı nəzərdə tutulduğundan vəkillərin iş yükünün artması gözlənilir, bununla belə Kollegiya ən yaxın zamanda yeni üzvlərin vəkilliyə qəbul olunması istiqamətində işlər aparmaqdadır.

Görüşdə məsləhətxanaya təhkim olunmuş vəkillərin fikir və təklifləri, fəaliyyətləri ilə bağlı qarşılaşdıqları problemlər dinlənilib və problemlərin ən yaxın zamanda həlli məqsədilə zəruri qeydlər aparılıb.

Görüşdə Vəkillər Kollegiyasının sədr müavinləri Aydın Axundov, Pərviz Ələkbərov və Kollegiya Aparatının rəhbəri Fərhad Nəcəfov da iştirak ediblər.

Femida.az

Açar sözlər:

Oxunub: 840