Nazir İmişlidə görüş keçirdi


22:55     22 Dekabr 2017 heyder%20esedov.jpg

Bu gün kənd təsərrüfatı naziri Heydər Əsədov İmişli rayon kənd təsərrüfatı idarəsinin inzibati binasında İmişli, Füzuli, Beyləqan və Xocavənd rayonlarından olan vətəndaşları qəbul edib.



Femida.az-a daxil olan məlumata görə, nazir qəbuldan əvvəl rəhbərlik etdiyi qurumun yerli idarəsinin binası, o cümlədən Dövlət Fitosanitar və Baytarlıq Nəzarəti Xidmətləri üçün yaradılmış şəraitlə tanış olub və ən müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyaya baxış keçirib.

Bildirilib ki, burada yaradılan şərait rayonda aqrar sahə ilə bağlı problemlərin həllinə töhfə verəcək.

Daha sonra H.Əsədov vətəndaşların müraciətlərini dinləyib. Nazirliyin idarə və tabeli qurumlarının rəhbərlərinin də iştirakı ilə keçirilən qəbulda 40 nəfərin müraciətinə baxılıb. Qəbula gələn vətəndaşların müraciətləri əsasən fermerlərə güzəştli kreditlərin verilməsi, cins mal-qaranın alınması, əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi, yeni texnika və avadanlıqların alınması, torpaqlardan istifadə, ixtisasa uyğun işlə təmin olunma və digər məsələlərlə bağlı olub.

Nazir vətəndaşların müraciətlərini, şikayət və təkliflərini dinləyərək, hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun tədbirlərin görülməsi üçün nazirliyin müvafiq strukturlarının rəhbərlərinə tapşırıqlar verib. Müraciətlərin bir qismi yerindəcə həllini tapıb, qaldırılan digər məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Ardınca Kənd Təsərrüfatı Nazirliyinin Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin “Səyyar xidmət” qrupu traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsinin dəyişdirilməsini, texnikaların dövlət qeydiyyatına alınmasını, traktor və digər mexaniki nəqliyyat vasitələrinə dövlət texniki baxışın keçirilməsini təşkil edib. Traktor və digər mexaniki vasitələri idarə etmək üçün 100 nəfərə yaxın mexanizatorun etibarlılıq müddəti bitmiş sürücülük vəsiqələri yenisi ilə əvəzlənib.

Açar sözlər:

Oxunub: 829