Cəmiyyət sədrinə medal verildi


19:26     29 Dekabr 2017 IMG_5938.JPG

“Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti 2017-ci ilə yekun vurub.


Femida.az -a daxil olan məlumata görə,Hesabat müşavirəsində Cəmiyyətin sədri Şahvələd Əliyev geniş məruzə ilə çıxış edib. O demişdir ki, Möhtərəm Prezident, cənab Ali Baş Komandan İlham Əliyev öz çıxışlarında hər zaman gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasının təbliğini və ordumuzun əsas hərəkətverici qüvvəsi sayılan xüsusi hərbi ixtisaslı mütəxəssislərin və peşəkar hərbçi kadrlarının hazırlığı işini ön plana çəkib. Buna görə də Cəmiyyət digər illərdə olduğu kimi qarşıya qoyulan vəzifələrin layiqli icrası üçün 2017-ci ildə də məsuliyyətlə çalışıb. Hesabat dövrünün bir sıra tədbirlərlə də yadda qaldığı və Cəmiyyət üçün əlamətdar il olduğu vurğulanıb. Cari ilin iyul ayında Cəmiyyətin 5 illik fəaliyyətini əks etdirən 25 dəqiqəlik sənədli hesabat filminin ərsəyə gətirildiyi və 80 səhifədən ibarət “Hərbi vətənpərvərlik” adlı hərbi ictimai-siyasi jurnalının dərc etdirildiyi diqqətə çatdırılıb. Xüsusi hərbi və texniki ixtisaslar üzrə mütəxəssislərin hazırlığı işi ilə yanaşı hərbi vətənpərvərliyin təbliği istiqamətində vətəndaşlar və çağırışçılarla aparılan ardıcıl işlər, nəzərdə tutulan və müvəffəqiyyətlə reallaşdırılan müxtəlif layihə və tədbirlər sadalanıb.
Bildirilib ki, Nazirlər Kabinetinin müvafiq qərarlarının icrası ilə əlaqədar, Azərbaycan Ordusunun sifarişi əsasında hesabat ilində 1730 nəfər çağırışçı sürücü, 228 nəfər aşpaz xüsusi hərbi ixtisaslı mütəxəssis kimi hazırlanaraq xüsusi hərbi ixtisaskeçmə haqqında sertifikatla təmin edilmiş və təyinatı üzrə xidmət yerlərinə göndərilmişdir. Bundan əlavə təsərrüfat hesablı hazırlıq planına uyğun olaraq 31043 nəfər vətəndaş müxtəlif kateqoriyalar üzrə sürücü kadr kimi hazırlanmışdır ki, bu da ötən illə müqayisədə 14 faiz, yəni 3737 nəfər artıqdır.
Daha sonra Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini Cəlil Xəlilov çıxış edərək “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC-nin fəaliyyətini yaxından izlədiyini və təqdir etdiyini deyib. Çıxışının sonunda Cəlil Xəlilov Cəmiyyət sədri Şahvələd Əliyevə və bir qrup əməkdaşa təşkilatın General Cəmşid Naxşıvanski yubiley medalını təqdim edib. Cəmiyyətin sədri Şahvələd Əliyev isə öz növbəsində Cəlil Xəlilovu Hərbi vətənpərvərlik işində fəal iştirakına görə Cəmiyyətin Fəxri Diplomu və qiymətli hədiyyə ilə mükafatlandırıldı. Bundan əlvavə işində fərqlənən əməkdaşlara mükafatlar verilib.
Sonda 2018-ci ildə həyata keçirilməsi planlaşdırılan tədbirlər açıqlandı.
Xatırladaq ki, “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2012-ci il tarixli 681 nömrəli Fərmanı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində yaradılıb.

Açar sözlər:

Oxunub: 1482