Bakıdan Şirvana oğurluğa getdi - Tutuldu


21:44     29 Dekabr 2017 a1%20(1).jpg

Bakıda Şirvana oğurluğa gedən şəxs saxlanılıb.


Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, dünən gecə saatlarında Şirvan ŞPŞ-nin Narkomaniya ilə Mübarizə Qrupunun əməkdaşları tərəfindən bir nəfər şübhəli şəxs qismində saxlanılaraq şöbəyə gətirilib.

Araşdırma zamanı həmin şəxsin Naxçıvan MR-sı Şərur rayonu Yuxarı Yayçı kənd sakini, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə 15 il azadlıqdan məhrum edilmiş, 50 yaşlı Arif Ağayev olduğu müəyyən edilib. Saxlanılan zaman həmin şəxsin əlindəki göy torbadan kapron corabdan hazırlanmış maska, 2 ədəd rezin əlcək, bir ədəd kəlbətin, bir ədəd əl fənəri, bir ədəd bıçaq, elektroşok, üzərinə baxış zamanı isə bir ədəd kibrit qutusunda ümumi çəkisi 7,40 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Dindirilmə zamanı həmin şəxs dünən gecə saatlarında Bakı şəhərindən Şirvana oğurluq məqsədi ilə gəldiyini etiraf edib.

Bu şəxsi tanıyanlardan və ya əməllərindən zərər çəkənlər varsa, onların yerli hüquq-mühafizə orqanlarına müraciət etmələri xahiş olunur.

Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 709