1053 müəllim imtahan verəcək


17:17     24 Yanvar 2018 imtahan_zali_001.jpg

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən ümumi təhsil müəssisələrində Gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər, uşaq birliyi təşkilatı rəhbəri və laborant vəzifələrinə, o cümlədən BŞTİ-nin nəzdində fəaliyyət göstərən Təlimə Dəstək Mərkəzinə (TDM) işə qəbul üzrə elan edilmiş müsabiqələrin test imtahanı mərhələsinin vaxtı və yeri dəqiqləşib.


Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Femida.az-a verilən məlumata görə, imtahanlar 29-30 yanvar 2018-ci il tarixlərində Bakı şəhəri 220 nömrəli məktəb-liseyin inzibati binasında təşkil olunacaq.

I mərhələnin (elektron ərizələrdə qeyd olunmuş məlumatlar əsasında müraciət etmiş şəxsin müvafiq vəzifə üzrə müsabiqədə iştirak üçün uyğunluğunun yoxlanılması) yekunu barədə məlumatlar qeydiyyatdan keçmiş namizədlərin şəxsi səhifələrinə göndərilib.

Müsabiqələrin I mərhələsində 1157 müraciət təhlil edilib və 1053 nəfər test imtahanı mərhələsinə buraxılıb. Onlardan 91-i Gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər, 267-si uşaq birliyi təşkilatı rəhbəri, 637-si laborant olmaq üçün qeydiyyatdan keçib. 58 nəfər isə TDM-də çalışmaq üçün müsabiqəyə qatılıb.

Hər bir iştirakçının imtahan vaxtı barədə məlumat 26.01.2018-ci il tarixədək şəxsi səhifəyə göndəriləcək.

Femida.az

Açar sözlər: Müəllim   İmtahan  

Oxunub: 1011