Afrində Türkiyəyə qarşı hansı ölkələrin vətəndaşları döyüşür? – BBC-dən ŞOK ARAŞDIRMA


23:23     25 Yanvar 2018 18_01_25_1516893979.jpg

Türkiyə Silahlı Qüvvələri tərəfindən sərhədlərdə və bölgədə təhlükəsizliyi və asayişi təmin etmək məqsədi ilə Suriyanın şimal qərbindəki Afrin bölgəsində PKK/KCK/PYD-YPG və İŞİD-ə mənsub terrorçuların zərərsizləşdirilməsi, bölgə sakinlərinin bunların zülmündən qurtarılması məqsədi ilə yanvarın 20-də başlayan “Zeytun Budağı” əməliyyatı hazırda 4 gündür davam etdirilir.

Femida.az-ın “AzeriDefence”a istinadən məlumatına görə, Türkiyə Silahlı Qüvvələrinin Suriyada keçirdiyi “Zeytun Budağı” əməliyyatı dünya mediasında böyük maraq doğurub. Dünyanın aparıcı media orqanları bölgədəki əməliyyatla və eləcə də, Türkiyəyə qarşı əcnəbi könüllü döyüşçü qrupların yaranması ilə bağlı araşdırmalar aparıblar.

Türkiyəyə qarşı vuruşan əcnəbi könülülər kimlərdir?

BBC News-un məlumatına görə, Suriyanın şimal qərbində yerləşən Afrin bölgəsində Türkiyəyə qarşı əcnəbi könüllülərdən ibarət bir qrup formalaşıb. BBC kanalına müsahibəsində Huanq Lei adlı Çin əsilli britaniyalı qeyd edib ki, YPG-də iştirak edən əcnəbi döyüşçülər arasında özündən başqa iki britaniyalı da var. BBC-nin məlumatına görə, 2015-ci ildə İŞİD terror qruplaşmasına qarşı Suriyaya getdiyi bildirilən Lei vurğulayıb ki, orada Türkiyə Silahlı Qüvvələrinə qarşı döyüşməyə hazır 20-yə qədər xarici könüllüdən ibarət bir qrup mövcuddur. Lei həmçinin sonda əlavə edib ki, bu addımından sonra (Türkiyəyə qarşı vuruşduqdan sonra -red.) Böyük Britaniyaya qayıtsa, bəzi problemlərlə üz-üzə qalacaq.

BBC News, YPG-yə qoşulan “əcnəbi döyüşçülər”lə bağlı yayımlanan video materialda Amerikan ləhcəsi ilə danışan birinin olduğuna da diqqət edib. Həmin Amerikalı bildirib ki, Afrində döyüşməyə hazırdılar: “Uzun müddət bununla əlaqədar təlim keçmişik. Döyüşə hazırıq və YPG tərəfindən təchiz edilmişik”, – deyə qeyd edib.

BBC xatırladır ki, Böyük Britaniya Xarici İşlər Nazirliyi vətəndaşlarını xaricdəki münaqişəyə cəlb olunmaması istiqamətində dəfələrlə xəbərdarlıq edib.

Krallığın Birləşmiş Xidmətlər İnstitunun Yaxın Şərq analitiki Maykl Stefan sözügedən əcnəbi döyüşçülərlə bağlı məsələyə şərh verərək bildirib ki, daha əvvəl koalisiya tərəfdaşlarının hədəflərinə tamamilə uyğun olub: “İndi isə bu əcnəbi könüllülər, suveren bir ölkə və NATO müttəfiqinə qarşı çıxır. Bu bəzi hüquqi məsələlərin pozulmasına gətirib çıxaracaq”.

BBC ilə yanaşı Böyük Britaniyanın “Times” nəşri də Çin əsilli Britaniya vətəndaşı Huanq Leinin başçılığı altında silahlı terrorçulardan ibarət könüllü qruplaşmanın Türkiyəyə qarşı vuruşduğu bildirib. Qeyd olunub ki, könüllülərdən ibarət yaradılmış qruplaşmada ABŞ, Almaniya, bir sıra Qərbi Avropa ölkələrinin nümayəndələri var.

Qeyd edək ki, mətbuatada 2016-cı ilin aprelində Azərbaycana qarşı döyüşən erməni, PKK və YPG terrorçuları bu gün Suriyada “Zeytun budağı” əməliyyatında Türkiyə ordusuna qarşı vuruşduğu haqda da məlumatlar yayılıb.

Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının yaydığı məlumata görə, 4 gündür davam edən “Zeytun budağı” əməliyyatında indiyə qədər ən azı 287 terrorçu zərərsizləşdirilib.

Femida.az

Açar sözlər: #ordu   #Afrin   #Türkiyə   #savaş   #müharibə   #PKK   #İŞİD   #Suriya  

Oxunub: 2842