Doğuş zamanı qadını xəstəxanaya aparmayan əri hansı cəza gözləyir? - HÜQUQ


18:08     30 Yanvar 2018 18_01_30_1517306810.jpg

Bəzən elə mühafizəkar kişilər olur ki, onlar öz həyat yoldaşının xəstəxanada uşaq dünyaya gətirməsinə icazə vermir. Nəticədə ya ana xəsarət alır, ya uşaq qüsurlu doğulur. Ən pis halda isə ölümlə nəticələnir.

Bu cür məsuliyyətsizliyə görə Azərbaycan qanunvericiliyində kişiləri hansı cəza gözləyir? Femida.az məsələni araşdırıb.

Saytımıza danışan hüquqşünas Sadiq Əfəndiyev bildirdi ki, kişilər bu cür məsuliyyətsiz davranışa görə Cinayət məcəlləsinin 143-cü maddəsi ilə ittiham oluna bilər:

“143-cü maddəyə görə, həyat və sağlamlığı üçün təhlükəli vəziyyətdə olan və özünü qorumaq üçün tədbir görmək imkanından məhrum olan şəxsi bilərəkdən köməksiz qoyma, əgər həmin şəxsi köməksiz qoyan onun qayğısına qalmalı idisə və ya onun özü zərərçəkmiş şəxsi həyat və sağlamlığı üçün təhlükəli vəziyyətdə qoyduqda, zərərçəkmiş şəxsə kömək göstərmək imkanı olduğu halda bunu etmədikdə min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.



Doğuş tibb müəssisəsində aparılmazsa, bu zaman evdə doğulan uşaq barəsində informasiya müvafiq icra hakimiyyəti orqanından gizlədilə bilər. Hüquqşünasın sözlərinə görə, bu birbaşa valideynlərin məsuliyyətə cəlb olunması deməkdir:

“Doğum haqqında məlumatın müvafiq icra hakimiyyəti orqanına dərhal ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə tibb müəssisəsi, həmin məlumatın məlumat informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə müvafiq icra hakimiyyəti orqanı, habelə üzrlü səbəblər olmadan doğumun qeydə alınması üçün Ailə Məcəlləsinin 167-ci maddəsində nəzərdə tutulmuş müddətdə müraciət olunmamasına görə uşağın valideynləri qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar”.



Sadiq Əfəndiyev qeyd edir ki, bu məsuliyyətin təməl prinsipləri Ailə Məcəlləsindən qaynaqlanır:

“Düzdür, doğuş zamanı arvadını xəstəxanaya aparmaq Ailə Məcəlləsində konkret vəzifə kimi nəzərdə tutulmur. Lakin Ailə Məcəlləsinə görə, nigah qarşılıqlı hörmət və məhəbbətə əsasən bağlanmalıdır. Yəni qarşılıqlı yardıma əsaslanır. Bu da sırf müştərək yaşamın prinsipial normalarıdır. Ər və arvad həyatı boyu bir-birinə qarşılıqlı yardım etməlidir.

Hamilə qadının tibb müəssisəsindən kənarda doğuş etməsi onların həyatı bahasına başa gələ bilər. Doğuş birmənalı olaraq tibb müəssisəsində həyata keçirilməlidir. Çünki qadın təhlükəli vəziyyətdədir. Qadının tək baçına həkimə getmək, nəqliyyat vasitəsinə minmək kimi imkanı olmadığından bu işi ilk növbədə ər yerinə yetirməlidir”.

Yeri gəlmişkən qeyd edək ki, eyni məsuliyyəti qadınlar da ərləri qarşısında daşıyır. Bu barədə hüquqşünas bildirib:

“Məsələn, kişi məişət qəzaları zamanı yaralanarsa, köməksiz vəziyyətdə qalarsa, həyat yoldaşı ona kömək etməli, xəstəxanaya çatdırmalıdır. Əks təqdirdə həmin qadın da 143-cü maddə ilə ittiham olunur”.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #doğuş   #doğum   #xəstəxana   #tibb   #səhiyyə   #kriminal   #cinayət   #məsuliyyət   #ər-#arvad   #ailə   #məcəllə   #SadiqƏfəndiyev  

Oxunub: 3657