Erməni əsgərin anası: "Elə bil cücə ölüb, gətirib atdılar qapıya"


16:35     10 Mart 2018 18_03_10_1520671213.jpg

İşğal altında olan Qarabağdakı qanunsuz hərbi hissələrdən birində 21 yaşlı Narek Adibekyan əsgər yoldaşı Karen Xaçatryan tərəfindən öldürülüb. O, əsgər yoldaşının arxasından 16 güllə vurub. Narek Adibekyan ailənin tək oğlan övladı olub.



Femida.az-ın məlumatına görə, Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, ilk öncə ölən əsgərin ata və anasına Narekin erməni gülləsindən öldüyü barədə heç bir məlumat verilməyib.

Komissarlıqdan gələnlərin anasına “Bağışlayın Narek artıq yoxdur”, deməsi ona çox pis təsir edib. Ölən hərbi qulluqçunun anası, sağlam verdiyi yeganə oğlu barədə komissarlığın bu sözlərini təhqir hesab edir.

Cinayət hadisəsini törədən erməni hərbi qulluqçu Karen Xaçatryan soyuqqanlı şəkildə səngərdən taqımın dayaq məntəqəsinə düşərək, “Nareki vurdum, gedin baxın, yəqin hələ sağdır”, deyə törətdiyi hadisə haqqında danışıb.

Hadisə “Yeğnikner” (marallar) adlanan Qarabağın Tonaşen yaşayış məntəqəsində yerləşən qanunsuz hərbi hissəsinin ön xətt mövqelərində baş verib. Hərbi hissə komandirinin şəxsi heyətlə iş üzrə müavininin sözlərinə görə, ölən hərbi qulluqçu Narek Adibekyan əsgər yoldaşına kofe dəmləməsini xahiş edib. Bunu etməkdən imtina edən Karen Xaçatryanın ünvanına nalayiq sözlər deyərək onu təhqir edib. Öz növbəsində, Xaçatryan münasib vaxt seçərək, Adibekyanın səngərdə tək olduğunu görüb və ona avtomatından 16 dəfə atəş açıb.

Ancaq atası hərbi hissədən verilən bu izahata inanmayaraq, hadisəninin tabor komandiri tərəfindən təşkil edildiyini bildirir. Onun sözlərinə görə, Karen Xaçatryanın ön xətt dayaq məntəqəsində baş verənləri tabor komandirinə məruzə etdiyini bilən Narek Adibekyan, onunla bərabər döyüş postuna çıxmaq istəməyib. Onunla eyni vaxtda posta təyin edilməməsini xahiş etsə də, tabor komandiri bilərəkdən bundan imtina edib və hər ikisinin eyni vaxtda döyüş növbətçiliyi xidmətinə təyin edilməsinə dair təlimat verib. Qeyri-bərabər çəkidə olan hərbi qulluqçuların döyüş növbətçiliyinə nə üçün təyin edildyini soruşan valideynlərinə, hərbi hissə komandirinin şəxsi heyətlə iş üzrə müavini belə cavab verib: “Çoxlu sayda papanın gül balaları xidmətdən azad olunurlar, belələrini aparmaya bilmərik, biz hərbi hissənin bütün əsgərlərinə nəzarət edə bilmərik”.

Hərbi hissə komandanlığının bu cavabı, Ermənistanın qeyri-sağlam əsgərlərinə və onların həyatına laqeyd münasibətini ortaya qoyur. Tabor komandirinin Narek Adıbekyana qarşı mənfi münasibəti onun ölümündən sonra məlum olub. Hərbi hissədə formalaşan daxili qaydalara görə bölmədə əsgər ölərkən, həmin bölmə ölənin xatirəsinə hörmət əlaməti olaraq sıra yerişi zamanı mahnı oxumur. Ancaq tabor komandiri bölmədən yeməyə gedərkən yüksək səslə mahnı oxumağı tələb edib. Əks halda tabeliyində olanların cəzalandırılacağını bildirib. Bunu eşidən qeyd edilən bölmənin əsgərləri təccüblənib və dirəniş göstərərək mahnı oxumaqdan imtina ediblər.

Hadisə baş verərkən qeyd olunan postda heç bir zabit olmayıb. Erməni əsgərin atası bildirib ki, özü hadisə baş verən yerə gedərkən də qeyri-ciddi münasibət və xidmət şəraiti ilə rastlaşıb.

"Zabitlə əsgər, ümumiyyətlə heç kim öz işini görmür, postda təmiz səhlənkarlıq baş alıb gedir, özbaşınalıqdır. Baxırsan ki, döyüş postudur, ancaq postu qoruyan əsgər yoxdur. Belə özbaşınalıq olan yerdə əsgərlərin bir-birilə ilə münaqişəsinin olması və ölüm hadisələrinin baş verməsi təbiidir", - deyə o bildirib.

Əsgər anası isə daha sərt çıxış edərək Ermənistan ordusunda rəhbərliyin olmamasını qeyd edir: "Ordunun rəhbəri yoxdur, əgər rəhbər olsaydı, postda zabit olsaydı belə olmazdı. Elə bil cücə ölüb, gətirib atdılar qapıya, vəssalam, bitdi".

Hazırda ölüm hadisəsinə görə, ittiham edilən Karen Xaçatryan Şuşa türməsində həbsdə saxlanılır. Ədalətli məhkəmə prosesi aparılacağına inanmayan ölən hərbi qulluqçunun valideynləri bildirir ki, ölkədə qanun yoxdur, necə istəsələr, o cür də edəcəklər.

Məzuniyyətdə olarkən Narek bacısı ilə söhbəti zamanı bildirib ki, hərbi hissənin zabitləri 5 dəqiqə gecikən əsgərləri döyür, söyür, alçaldır və sahibi olmayan kasıb ailələrin övladlarına zülm edirlər.

Məlumata görə, Rusiyada yaşayan Narek Adıbekyan rus ordusunda 1 il xidmət etsə də, Ermənistan ordusuna da çağırış vərəqəsi gəldikdən sonra, hərbi xidmətə getməkdən boyun qaçırmayıb. O, Qarabağın işğal edilmiş Tonaşen yaşayış məntəqəsindəki şərti adı "Yeğnikner" olan hərbi hissəyə göndərilib. Narek Adıbekyan hərbi xidmətini başa çatdırmağa 1 ay qalmış öldürülüb. Dəfn günü iştirak edən hərbçilərdən başqa heç kim onların ailəsi ilə maraqlanmayıb və müdafiə nazirliyi tərəfindən heç bir yardım göstərilməyib.



Açar sözlər: #Erməni   #ordu   #Qarabağ    

Oxunub: 2272